"Azərbaycanda 11-ci sinif üzrə buraxılış imtahanlarının keçirilmə qaydası 2 ildən sonra dəyişdiriləcək".
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları"nın təsdiq edilməsi ilə əlaqədar bu gün keçirdiyi brifinqdə deyib.
M.Abbaszadə əlavə edib ki, 11-ci sinif üzrə buraxılış imtahanları bu il də ötən ilki qayda ilə keçiriləcək:
"Gələn il də 11-ci sinfə aid qaydalar dəyişməyəcək. Çünki gələn il də 10-cu sinifdə oxuyacaq şagirdlər kurrikulumla təhsil almayıblar. Amma 2 ildən sonra - indi 9-cu sinifdə kurrikulumla oxuyan şagirdlər 11-ci sinfə çatanda bu qaydalar dəyişdiriləcək. Bu dəyişilkiyin necə olacağı araşdırmalar nəticəsində müəyyən ediləcək. 11-ci sinfin buraxılış imtahanlarının yeni keçirilmə qaydaları bu araşdırmalar əsasında hazırlanacaq və 2 ildən sonra təqdim ediləcək".
Milli.Az