Adıgey Respublikasında (Rusiya Federasiyasının subyektlərindən biri) Üçüncü reyxin "Anenerbe" təşkilatının emblemi ilə naməlum varlıqların kəllələrinin olduğu sandıq tapılıb.
Publika.az "İnterfaks" agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Coğrafiya Cəmiyyətinin regional bölməsinin sədri İqor Oqay bildirib.
Sandıq Adıgey Respublikasının Kamennomostsk qəsəbəsinin ərazisində arxeoloqlar tərəfindən aşkar edilib. "Tədqiqatçı Vladimir Məlikov mənə "Anenerbe" emblemi ilə iki maraqlı kəllə və sandıq göstərdi. Tapıntı Böyük Txaç təbii parkının ərazisində aşkarlanıb", - o, "İnterfaks" agentliyinə deyib.
Onun sözlərinə görə, çənələr, alın sümükləri və boyun ardı olmayan kəllələr yadplanetliləri xatırladır: "Mən kəllələrin fotosu ilə alimlərimizə müraciət etdim, amma birmənalı cavab almadım. Tapıntını daha diqqətlə öyrənmək lazımdır".
Qeyd edək ki, "Anenerbe" təşkilatı ("Əcdadların Mirası", tam adı "Qədim alman tarixi və əcdadların mirasının öyrənilməsi üzrə alman cəmiyyəti") 1935-1945-ci illərdə Almaniyada mövcud olub. Təşkilat ənənələr, tarix və okkultizm-ideoloji təminat məqsədi ilə alman irqinin mirasının öyrənilməsi üçün yaradılıb.
Versiya mövcuddur ki, "Anenerbe" təşkilatı Böyük Vətən Müharibəsi illərində Şimali Qafqaz dağlarında qədim xalqların izlərini tədqiq edib.
Milli.Az