31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyli Günü və Yeni il bayramı münasibəti ilə Dənizkənarı Milli Parkda hazırlıq işlərinə başlanılıb. Neftçilər prospekti boyunca ağacların işıqlandırılması və bəzədilməsi işləri aparılır.
Day.Az xəbər verir ki, bu barədə azvision.az-a Bulvar İdarəsinin Kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsinin direktoru Rəfael Niftəliyev deyib.
Onun sözlərinə görə, bu il Bakıda ən böyük yolka Bulvarda qurulacaq: "Bakıda ən böyük yolka bizim "Dinamo" deyilən bulvar ərazisində quraşdırılır. Bununla yanaşı, Bulvar boyunca digər yerlərdə kiçik həcmli yolkalar da olacaq. Bu istiqamətdə işlər davam etdirilir. Həmçinin 20-ə yaxın atraksion hazır vəziyyətə gətirilib. Yeni il ərəfəsində atraksionlardan istifadəsində güzəştlər tətbiq olunacaq. Bir sözlə, Yeni ildə insanların istirahəti üçün hər şey ediləcək".
Şaxta baba və qar qızlara gəlincə, R.Niftəliyev onların Bulvar İdarəsi tərəfindən seçiləcəyini qeyd edib. Onun bildirdiyinə görə, şaxta baba və qar qız obrazları üçün alınacaq rüsum müəyyən edilməyib: "Yeni ildə paytaxtda atəşfəşanlığın olacağı gözlənilir. Əlamətdar günlərdə atəşfəşanlıq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən edilir, onlardan bizə rəsmi müraciət daxil olmayıb".