Qadin.NET / Siyavuş Novruzov: "Məscid ibadət üçündür, təşkilat qurmaq üçün yox"

Siyavuş Novruzov: "Məscid ibadət üçündür, təşkilat qurmaq üçün yox"

Siyavuş Novruzov: "Məscid ibadət üçündür, təşkilat qurmaq üçün yox"


Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Nardaran hadisələri barədə jurnalistlərə açıqlama verib.

Day.Az sia-ya istinadən xəbər verir ki, komitə sədri bildirib ki, hər bir Azərbaycan vətəndaşı qanunvericiliyin tələblərinə əməl etməlidir.

Onun sözlərinə görə, kəndlər arasında ayrı-seçkilik olmaz və qanunun aliliyini hamı qorumalıdır: "Dövlət hər kəsindir. Dövlət vətəndaşlar üçün lazımi addımları atır, sosial və digər problemləri həll edir ki, bu da adekvat olmalıdır. Din xadimlərinin əlində Quran olar, avtomat, qumbara yox. Bu, dini məsələ yox, sırf təhlükəsizlik məsələsidir. Bununla bağlı hüquq mühafizə orqanları tərəfindən lazımi addımlar atılacaq ki, Azərbaycandakı ictimai-siyasi sabitlik qorunsun. Vətəndaşlar qanundan sui-istifadə etməsinlər. Bu hadisələri kriminaldan daha böyük hadisə kimi qiymətləndirmək lazımdır".

Deputat qeyd edib ki, təxribat törədənlər ixtisaslaşdırılmış və hazırlaşdırılmış dəstələrdir: "Böyük əksəriyyətinin hətta Nardarana heç bir aidiyyəti yoxdur. Onlar Azərbaycanın ayrı regionları və bölgələrindən gələn, başqa ölkənin ərazisində təlim keçən, sırf terror aktlarının həyata keçirilməsi üçün hazırlanmış qrupdur. Planları digər ölkələrdə olan terror aktlarının həyata keçirilməsi, dövlət və hökumət nümayəndələrinə qarşı sui-qəsdlərin təşkil olunması, dövlətin əsas fundamental konstitusion quruluşunun dəyişdirilməsidir. Nardaranda baş verən hadisələrlə əlaqədar dini etiqad azadlığı haqqında qanuna müvafiq dəyişikliklər aparılacaq. Hər bir kəs bilməlidir ki, kim azad şəkildə dinə xidmət edirsə, bütün məscidlərin qapısı onlara açıqdır. Məscidləri özləri üçün təşkilat qurmağa istifadə edənlərə icazə verilməyəcək. Növbəti iclasda bu məsələ müzakirə olunacaq".

2 dekabr 2016
GO BACK