Bakıda avarçəkmə yarışları üçün kanalın tikintisinin maliyyələşdirilməsinə dair razılıq əldə olunub.
"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var. "Bakı-2015" I Avropa Oyunlarında da iştirak etmişəm. O zaman Oyunların Koordinasiya Komissiyasının üzvü olmuşam. Oyunlar zamanı Mingəçevirdə təşkil olunan kayak və kanoe yarışları da çox uğurla keçib".
Milli.Az bildirir ki, bunu jurnalistlərə açıqlamasında Bakıda keçirilən Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinə qatılan Avropa Kanoe Assosiasiyasının prezidenti Albert Vuds deyib.
Konqresin yüksək səviyyədə təşkil olunduğunu bildirən A.Vuds Azərbaycanda avarçəkmə növlərinin inkişafına böyük diqqətin göstərildiyini vurğulayıb: "Azərbaycan hökuməti, Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Milli Avarçəkmə Federasiyasının dəstəyi böyük təqdirə layiqdir. Bakıda Azərbaycan prezidenti cənab İlham Əliyev bizi qəbul etdi. Dövlət başçısı paytaxtda da kanoe yarışları üçün kanalın yaradılmasının maliyyələşdirilməsinə xüsusi diqqət və önəm verir. Bu, bizim üçün xoş xəbərdir və öz kompetensiyamız daxilində yaymağa çalışacağıq. Azərbaycanın dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, gənclər və idman naziri Azad Rəhimov kanoe növlərinə və ümumilikdə idmana böyük diqqət ayırır, dəstək verirlər. Bu da bizim üçün çox sevindirici haldır".
Qeyd edək ki, Mingəçevirdə "Kür" Olimpiya Tədris-İdman Mərkəzi fəaliyyət göstərsə də, Bakıda avarçəkənlərin hazırlıq keçməsi üçün belə imkan yoxdur.