"Son illərdə mədə kiçiltmə əməliyyatlarının aparılması üçün müraciətlərin sayı artıb. Amma biz xəstələrə ilk növbədə əməliyyatdan başqa çarələr məsləhət görürük".
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkiminin cərrahiyyə işləri üzrə müavini Elmir Əsgərov jurnalistlərə bildirib.
E.Əsgərov deyib ki, mədə kiçiltmə əməliyyatının aparılması üçün Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi tibbi göstərişlər var.
Həkim bildirib ki, amma bu əməliyyatlar edilərkən xəstənin psixoloji durumu, başqa ağır xəstəliklərinin olub-olmaması da nəzərə alınır: "Əməliyyat bir həkim üçün ən son yol olmalıdır. Əgər xəstənin çəki itirməklə bağlı problemi olarsa, onun üçün mədə kiçiltmə əməliyyatı uyğundursa, onda biz bu əməliyyatı edirik. Bu, böyük bir əməliyyatdır. Bunun əməliyyatdan sonra yarana biləcək fəsadları var. Azərbaycanda mədə kiçiltmə əməliyyatları artıq uğurla icra olunur. Xəstələrin əməliyyatdan sonrakı çəki itkiləri çox qənaətbəxşdir".
Baş həkimin müavini qeyd edib ki, bütün dünyada 2 milyarda yaxın insanın çəkisi normadan çoxdur: "Bu insanlar bir çox xəstəliklərə dücar olurlar. Bu xəstəliklərdən biri də 2-ci tip şəkərli diabet xəstəliyidir. 2-ci tip diabetli xəstələrin bir çoxunda bu xəstəlik əsasən artıq çəkidən əmələ gəlib. Bütün dünyada belə xəstələr üçün bariatrik və metabolik cərrahiyyə istifadə olunur ki, bu da ən çox ABŞ-da qeydə alınır. Çünki ABŞ-da çəkisi artıq və hətta ölümə səbəb olan çəki artıqlığı olan insanlar çoxdur. Buna görə də bu əməliyyata ABŞ-da başlanıldı və hazırda bir çox ölkələrdə bu əməliyyat icra edilir. Azərbaycanda da belə əməliyyatlar həyata keçirilir. Yəni artıq çəkili insanlara mədə kiçiltmə əməliyyatı və metabolik cərrahiyyə həyata keçiririk".
E.Əsgərov şəkərli diabet xəstələrinin əməliyyat olunmasının problemlər yarada biləcəyi ilə bağlı fikirlərə də münasibət bildirib: "Bizim əməliyyat etdiyimiz xəstələrin çoxu şəkərli diabet xəstələridir. İndi elə bir hal yoxdur ki, şəkərli diabet xəstəsi əməliyyat oluna bilməz. Nəzarətsiz şəkərli diabet xəstələri ilə bağlı əməliyyat zamanı problemlər ortaya çıxa bilər. Onlar insulindən asılı, nəzarətsiz, qanda şəkəri 400-500-ə yüksələn xəstələrdir. Onların yaralarında müəyyən problemlər əmələ gələ bilər. Nəzarət altında olan xəstələrin əməliyyatla bağlı hər hansı problemi olmur. Onlar normal insanlar kimi əməliyyat oluna bilirlər".
Milli.Az