Bəxt nədənsə çox vaxt gözəl qadınlardan uzaq gəzir. Necə dəyərlər, həyat gözələ verdiyi üstünlüklərin əvəzini sonra ondan bir-biri çıxır. Bütün qadınlar və kişilər gözəllərə həsəd aparsa da, onlar şəxsi həyatda əksər hallarda heç vaxt öz xoşbəxtliyini tapa bilmir. Uğursuz nikah, bədbəxtlik gətirən sevgilər, sonsuzluq, yaxud da şərəfsiz övlad və fəciəvi sonluq...
Milli.Az publika.az-a istinadən bir zamanlar rəsmləri divarlardan düşməyən türkiyəli dünya gözəli Məltəm Hakarar haqqında yazını təqdim edir.
Bədbəxtlik gətirən gözəllik tacı
Məltəm Hakarar 1988-ci ildə 18 yaşında "Türkiyə Gözəli" seçilib. 1989-ci ildə isə o, Moskvada ilk dəfə Kosmos mehmanxanasında keçirilən dünya gözəllik müsabiqədə birincilik qazanaraq 30 min dəyərində göy yaqut və başqa 357 ədəd qiymətli daşlarla bəzədilmiş, ümumi çəkisi isə 3.262 karat olan taca layiq görülüb. Lakin o, tacı vətəninə aparmaq üçün ölkədən xüsusi icazə istəməyə məcbur olub. Yeri gəlmişkən toy günü Məltəm məhz bu tacı taxıb. Taleyin ironiyasıdır ki, sonrakı həyatında bu tac ona heç vaxt sevinc bəxş etməyib.
Qeyd edək ki, Məltəm Hakarar müsabiqədə iştirak edəndə Mərmərə Universitetinin memarlıq fakültəsində təhsil alırdı.
Bu müsabiqədən sonra türk gözəlinin adı dillərdən düşmür, bütün baxışlar ona yönəlir. Onun şəkilləri bütün rus, eləcə də Azərbaycan qəzetlərində manşet olur. Məltəmin şəkilləri təkcə qəzet səhifələri bəzəməklə qalmır. Əgər xatırlayırsınızsa, o illərdə divarlardan iri təqvim plakatları asmaq dəbdə idi. Təqvim plakatlarını gözəl qızlar bəzəyirdi. Onlardan ən məşhuru və ən çox satılanı isə Məltəmin təqvimləri idi.
Məltəm qalib olması xəbərinin vətəninə bir neçə gün sonra çatdığını bildirib: "Həmin dövrlərdə əlaqə və ünsiyyət o qədər primitiv idi ki, birincilik xəbərim Türkiyəyə 2 gün sonra çatmışdı".
Müsabiqədə arxası uzun, önü isə qısa zümrüd rəngli paltar geyinən dünya gözəlinə nəinki münsiflər heyəti, bütün Rusiya heyran qalmışdı. Bir sözlə, SSRİ-inin son illərinin kraliçası o idi. Eyni zamanda onun müsabiqədə geyindiyi milli paltarı da böyük maraq doğurmuşdu. Məltəm həmçinin "Miss zəriflik" adına da layiq görülüb.
Dünya gözəli 1997-ci ildə milliyyətcə yəhudi olan Avi Behar adlı şəxslə təmtəraqlı şəkildə evlənsə də, cütlüyün nikahı uzun sürməyib. Ayrılıq səbəblərini belə izah edib: "Biz bəlkə də evlənməli deyildik, sadəcə flirt etməli idik. Ailə olmağa hazır olmadan evlənmişdik. Evlənmək çətin deyil, amma ailə olmağı bacarmaq böyük məsuliyyətdir. Mən yenə də evliliyin insan üçün vacib olduğuna, həyatını nizama saldığına inanıram. Ancaq biz dost kimi ayrıldıq. Nə xəyanət var, nə də başqa bir şey. İki insanın ayrılması da evlənməsi kimi təbii haldır. Səhv etmədən həyatı öyrənmək mümkün deyil. Ailəm müsəlman olsa da, müasir düşüncəlidir. Ərim də müasir yəhudi bir ailədən idi. Bütün müqəddəs günləri birlikdə qeyd edirdik. Din və milliyyət məsələsi aramızda heç vaxt problem olmayıb".
Səfil həyat
Dünya gözəli həyat yoldaşından ayrıldıqdan sonra uzun müddət alkoqolizmdən əziyyət çəkib, səfil həyat tərzi sürüb. O, Türkiyə mətbuatına verdiyi açıqlamada başqa kişilərlə sevgi macəraları yaşadığını, lakin ciddi münasibətləri olmadığını açıq şəkildə etiraf edib. Yeri gəlmişkən dünya gözəli məşhur türk aktyoru Cem Yılmazın da ağlını başından alıb. Təəssüf ki, bu münasibət də uğursuzluqla nəticələnir.
Uzun illər model kimi çalışdıqdan "Koç", "Enka", "Cenajans " və "Kanal D" kimi şirkətlərlə çalışıb.
Milli.Az