Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, elmi jurnalist Səid Hüseynov zəfəranla bağlı araşdırma aparıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, məqalədə qeyd olunur ki, zəfəran (Crocus sativus L.) dünyanın ən bahalı ədviyyatıdır. İştah gətirən bu bitki xalq təbabətində suçiçəyi, prostad, astma, böyrək iltihabı, göz və ürək ağrıları, zob, revmatizm və digər xəstəliklərə qarşı dərman kimi məşhurdur. Lakin daha çox xörəklərə, içkilərə xoş dad və ətir verən, restoranlara daşınan ədviyyat kimi tanınır. Onun dünya bazarını özünə cəlb edən hissəsi məhz çiçəyin içindəki 3 qırmızı telidir ki, bir kiloqramı 1100 dollardan 11 min dollara qədər qiymətə satılır:
"Güman edilir ki, onun geniş miqyasda yetişdirilməsi məhz Yunanıstanda bürünc dövründə olub və sonralar əkin sahələri Şərqi Asiya və Mərkəzi Şərqə qədər genişlənib, hətta hazırda Böyük Britaniyada da yetişdirilir. Onun faydaları haqqında ilk yazılı sənəd eramızdan əvvəl VII əsrdə qələmə alınmış "Assuriya botanikası" elmi əsəridir. O vaxtdan sonra 4 min il ərzində zəfəranın faydalarından yazılsa da tibbdə istifadə qaydalarından, xüsusən də 90 xəstəliyin sırasında xərçəngin müalicəsi üçün necə istifadə edildiyi barədə heç bir mənbədə məlumat verilmir".
Bildirilir ki, bu çiçəyin xərçəngə qarşı müsbət effekti barədə ilk məlumat 1990-cı illərin əvvəllərində Hindistan alimləri tərəfindən verilib: "Sonrakı illərdə tədqiqatların coğrafiyası genişlənib və zəfərana qlobal maraq hazırkı pik həddə çatıb. Qeyd olunan xəstəliyə qarşı müalicəvi təsir onun tərkibindəki vitaminlər - A, C, karotinoidlər, selenium (selen), fol turşusu, riboflavin, niasin və digərlərinin birgə təşkil etdiyi antioksidant tərkiblə əlaqələndirilir. Əsl zəfəranın tərkibində pikrokrosin (acı tamla əlaqəli), safranal (ətirlə əlaqəli) və krosin (rənglə əlaqəli) kimyəvi elementlər olmalıdır. Bunlar bitkinin tellərini dünya bazarındakı saxta məhsullardan fərqləndirən əsas xüsusiyyətlərdir.
Zəfəranın hikməti məhz selenlə bağlıdır və bu maddənin xərçənglə mübarizədə müalicəvi xüsusiyyəti hələ keçən əsrin ikinci yarısında məlum idi. Meksikanın Milli Pediatriya İnstitutunun "Onkoloji laboratoriya"sının azərbaycanlı rəhbəri, akademik Fikrət Abdullayev 2004-cü ildə həmkarları ilə birgə yazır ki, alimlər seleni soğan, sarımsaq, çay, gül kələmi və Braziliya qozundan alaraq heyvanlardakı şişin üzərində təcrübədən keçirib və müsbət nəticə əldə ediblər.
Bundan əlavə, 2000-ci illərdə zəfəranın tərkibindəki eyni növ maddələr bu bitkidən yox, digərlərindən götürülüb və selenlə əlaqəli halları ayrı-ayrılıqda fərqli illərdə və laboratoriyalarda insan, həmçinin heyvan üzərində təcrübələrdən keçiriliblər. ABŞ-ın Milli Elmlər Akademiyasının Tibb İnstitutu, Milli Xərçəng İnstitutu və Rusiya Tibb Elmləri Akademiyasının Qida üzrə Elmi-Tədqiqat İnstitutu bu istiqamətlərdə effektli nəticələr alaraq elmi məqalələrdə çap etdiriblər".
Məqalədə deyilir: "Zəfəranın ən böyük xüsusiyyətlərindən biri də odur ki, selen başqa bitkilərdən fərqli olaraq, onda məhz tellərdə toplanır. Bu dişicik tellərdəki antioksidantlar selenlə birgə unikal tərkib təşkil edərək xərçəngin müalicəsi üçün hazır vəziyyətə gəlirlər. Zəfəranın normal, sağlam hüceyrələrə toksik təsiri yoxdur, onun işi yalnız korlanmış hüceyrələrə qarşıdır. Buna baxmayaraq, ondan reqlamentsiz istifadə arzuolunmaz nəticələrə səbəb ola bilir. Xüsusən də selen bədənimizdə normadan çox, yəni hər kiloqrama 2 milliqram olarsa, zərərli toksinlərə çevrilərək xərçəng təhlükəsi yaradır. Nəzərə alaq ki, ideal norma 0,05 qramdan 1 qrama qədərdir.
Baxmayaraq ki, son 26 ildə aparılmış tədqiqatların nəticələrində zəfəranın xərçəngə qarşı təsiri qeyd edilir, bunu təkzib edən və ya klinikada sübuta yetirən heç bir mənbə yoxdur. Bu istiqamətdə ən azı bir fakt tapmaq üçün İranın Tehran Tibb Elmləri Universitetinin professorları 2015-ci ildə 276 elmi məqalə toplayıblar. Materialların beşi fars, qalanları ingiliscə olmaqla yalnız 73-ü məhz zəfəranın antioksidant keyfiyyətindən yazır. Lakin İran müəllifləri insanla əlaqədar hər hansı nəticənin tibbdə tətbiqi barədə məlumata rast gəlməyiblər. Onların ən yaxşı halda tapdığı faktlardan biri odur ki, zəfəran məhsulu Albino siçanlarında dəri xərçənginin formalaşmasının və inkişafının qarşısını alıb. Həm də, zəfəran ağızla qəbul edildikdə şişə qarşı daha təsirli olur nəinki birbaşa bədənə yeridiləndə. Bu cür təcrübə qeyd olunan siçanlarda serum B-karotene və A vitaminini artırıb. Güman edilir ki, zəfəranın xərçəngə qarşı effekti həmin vitaminlərin artımı ilə əlaqəli ola bilər. Bütün bunlara baxmayaraq, İran alimləri bu tədqiqatların nəticələrini əsaslandırılmamış sayır.
Toxumla artmayan, soğanaq üzərində inkişaf edən zəfəranın yığımı ən çətin əl əməklərindən sayıla bilər. Onu dərməyin ən yaxşı vaxtı səhər tezdəndir, şeh altında olanda. Ən vacib olan qırmızı telləri 240 mindən çox sayda toplandıqda yarım kiloqram təşkil edir ki, bu da futbol stadionu qədər sahəni əhatə edən 80 mindən çox çiçəkdən alınır".
Qeyd olunur ki, son onilliklərdə zəfəranın dünyadakı əkin sahələri azalmaqdadır. Səbəb yüksək maya dəyəri, məskunlaşma, torpaq çirklənmələri, virus və s.-dir. İspaniyada zəfəran sahələri 1971-ci ildəki 6 min hektardan 200 hektara, Yunanıstanda 1982-ci ildəki 1600 hektardan 860 hektara qədər azalıb:
"Tarixi botanik simvolumuz olan yerli zəfəran da qlobal azalma prosesinə qoşulub. XIX əsrin ikinci yarısı - XX sərin əvvəllərində əkin sahələri Abşeron yarımadasından şimala doğru Xəzərin sahili boyu uzanırdı. O vaxt Bilgəh qəsəbəsi Avropa, Rusiya və İrana ixracatı ilə çox məşhur idi. Abşeron əhalisi əsasən bu biznesin gəlirləri ilə dolanırdı. SSRİ-də yeganə zəfəran sovxozu məhz bu qəsəbədə yerləşirdi və 130 hektar sahəni əhatə edərək ildə 150 kiloqram çiçək məhsulu verirdi. Hazırda sovxoz fəaliyyət göstərmir və onun varisi olaraq, cəmi 16 hektar əkin sahəsi qalıb. Bütün respublika üzrə fərdi əkin sahələri də daxil olmaqla, 21 hektar ərazidə zəfəran yetişdirilir və məhsul ilə 80 kiloqramdır. Bu bitkini şəxsi torpaq sahələrində yetişdirən ailələr onu xeyli dəyərli bitki kimi yaxınlarına çox kiçik, hətta milliqramlarla hədiyyə edirlər. Amma ölkədən zəfəran ixracı yoxdur.
Azalmanın digər səbəbi də elmi mərkəzlər tərəfindən kütləvi daşınmadır. Zəfəranı ən çox idxal edən Almaniya, ABŞ, İsveçrə, Böyük Britaniya və Fransadır. İxrac və idxalçı ölkələrdə bu bitkini tədqiq edən elmi mərkəzlər var. Lakin onların tibbi təcrübələrdəki nəticələri barədə heç bir mənbə yoxdur".
Qeyd edək ki, hər il 8 milyon insana xərçəng diaqnozu qoyulur. Təkcə ABŞ-da 2010-cu ilin statistikasında 1 milyon 530 min insanda xərçəngin aşkarlandığı və bu xəstəlik səbəbindən 570 min ölüm halının qeydə alındığı bildirilir.
Milli.Az