Bu gün xalq artisti Şövkət Ələkbərovanın doğum günüdür.
Milli.Az axşam.az-a istinadən bildirir ki, unudulmaz sənətkar 1922-ci ildə Bakıda anadan olub. O, Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinfini bitirdikdən sonra səhnə yaradıcılığına başlayıb.
1938-1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olub. 1945-ci ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti işləyib. Şövkət Ələkbərovanın ifaçılığı üçün yüksək vokal mədəniyyəti, emosionallıq və lirizm, muğam yaradıcılığı üçün isə məharətli improvizə bacarığı səciyyəvi idi.
1937-ci ildə bədii özfəaliyyət kollektivlərinin müsabiqəsinə qatılıb və öz çıxışı ilə Üzeyir Hacıbəyov, Səid Rüstəmov, Bülbül kimi sənətkarların diqqətini cəlb edib. Şövkət Ələkbərova Opera Teatrında keçirilən yekun konsertdə "Qarabağ şikəstəsi"ni oxuyub və Fatma Mehrəliyeva, Gülağa Məmmədovla birlikdə ilk üçlüyə daxil olub.
Bu müsabiqə Şövkət Ələkbərovanın peşəkar musiqi sənətinə gəlişinin əsasını qoydu. Şövkət Ələkbərovanın ifasında səslənən xalq mahnıları, muğamlar, bəstəkar mahnıları Azərbaycanda çox böyük məşhurluq qazanıb.
Rusiyanın bir çox şəhərində, Fransa, İsveçrə, Şri-Lanka, Əfqanıstan, Hindistan, Misir, Əlcəzair, İran, Türkiyə, Polşa və digər xarici ölkələrdə uğurla çıxış edən Şövkət Ələkbərovanın repertuarına Segah, Qatar, Şahnaz kimi muğamlar, Azərbaycan bəstəkərlarının və Orta Şərq xalqlarının mahnıları daxil idi.
"Qarabağ", "Çay", "Bir könül sındırmışam", "Ana", "Axşam", "Sənsən ürəyim", "Tez gəl", "Dərələr", "Gəl, səhərim" və s. mahnıların əvəzedilməz ifaçısı olub. Ş.Ələkbərova 1993-cü ildə 70 yaşında dünyasını dəyişib.
Milli.Az