Şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına (çipə) daxil edilən məlumatların sayı artırılıb.
Day.Az APA-ya istinadən bildirir ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə"də dəyişikliklər edilməsi haqqında 10 oktyabr 2016-cı il tarixli fərmanında əksini tapıb.
Bundan sonra elektron daşıyıcıda (çipdə) yaradılan elektron imza yaratma və yoxlama məlumatları və vəsiqə sahibinin gücləndirilmiş elektron imzasını yoxlama məlumatları barəsində sertifikatlar çipə daxil ediləcək.
Qeyd edək ki, indiyə qədər vəsiqə verən orqan elektron daşıyıcının (çipin) yaddaşında vəsiqə sahibinin gücləndirilmiş elektron imzası ilə əlaqədar sertifikatlar, akkreditə edilmiş sertifikat xidmətləri mərkəzi tərəfindən verilmiş elektron imza yaratma və elektron imzanı yoxlama məlumatları üçün nəzərdə tutulmuş boş sahə saxlayıb. Vətəndaş şəxsiyyət vəsiqəsini təhvil aldıqdan sonra öz istəyi ilə akkreditə edilmiş sertifikat xidmətləri mərkəzinə müraciət etdikdə, həmin mərkəz vətəndaşın gücləndirilmiş elektron imzası ilə əlaqədar sertifikatları, elektron imza yaratma (imza yaratma məlumatları oxunuş üçün bağlıdır) və elektron imzanı yoxlama məlumatlarını şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına (çipə) daxil edib. Dəyişikliyə əsasən isə bundan sonra vəsiqə verən orqan vətəndaş barədə yoxlanılmış məlumatları sertifikat sorğusu formasında "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin akkreditə edilmiş sertifikat xidmətləri mərkəzinə göndərəcək. Akkreditə edilmiş sertifikat xidmətləri mərkəzi həmin sorğu əsasında vəsiqə sahibinin gücləndirilmiş elektron imzasını yoxlama məlumatları barəsində sertifikatlar yaradacaq və "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə vəsiqə verən orqana göndərəcək. Beş il müddətində etibarlı olan bu sertifikatlar, habelə elektron imza yaratma və yoxlama məlumatları şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına (çipə) daxil ediləcək və sertifikatlar vətəndaşın istəyi əsasında aktivləşdiriləcək.
Şəxsiyyət vəsiqəsi verilərkən (dəyişdirilərkən) gücləndirilmiş elektron imzanı yoxlama məlumatları barəsində sertifikatların aktivləşdirilməsini istəməyən vətəndaş daha sonra onların aktivləşdirilməsi üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan qurumlara müraciət edə bilər. Bu halda gücləndirilmiş elektron imzanı yoxlama məlumatları barəsində sertifikatlar vəsiqə sahibinin ərizəsi əsasında, hər hansı ödəniş edilmədən 30 dəqiqə ərzində aktivləşdiriləcək. Şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına (çipə) daxil edilmiş gücləndirilmiş elektron imzanı yoxlama məlumatları barəsində sertifikatların, habelə elektron imza yaratma və yoxlama məlumatlarının müddəti bitdikdən sonra onların beş ilədək müddətə yenilənməsini Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan qurumlar vəsiqə sahibinin ərizəsi əsasında, hər hansı ödəniş edilmədən 30 dəqiqə ərzində həyata keçirəcəklər.
Day.Az