Əsas məqsədlərindən biri Azərbaycan mədəniyyətinin dünyada geniş təbliği olan Heydər Əliyev Fondu Fransada "Nizami Gəncəvi və Məhsəti Gəncəvi: XII əsrlə XXI əsri birləşdirən ədəbi körpü" adlı layihəsi çərçivəsində bir çox şəhərlərdə tədbirlər təşkil edib. Fondun növbəti tədbiri Fransanın Konyak şəhərində dünya şöhrətli rübailər ustası Məhsəti Gəncəvinin heykəlinin açılış mərasimi olub.
Azərbaycanın Fransadakı səfirliyinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Tovuz və Konyak şəhərlərinin qardaşlaşmasının ilk layihəsi olan Məhsəti Gəncəvinin heykəlinin şəhər mərkəzində, meriyanın bağında ucaldılması burada əsl Azərbaycan mühiti yaradıb.
XII əsrin Azərbaycan intibah mədəniyyətinin zənginləşməsində xüsusi mövqeyi olan söz ustadlarından biri, poetik yaradıcılığı yerli və xarici şərqşünasların diqqət mərkəzində olan və yüksək qiymətləndirilən Məhsəti Gəncəvinin ağ mərmərdən hazırlanmış heykəlinin açılış mərasimi Konyak şəhərinin meri Mişel Qurənşanın çıxışı ilə başlayıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, Konyak şəhərinin meri əvvəlcə ölkəmizlə əlaqələrdən danışıb. O, Konyakın minillik yubileyində Tovuz şəhər nümayəndə heyətinin iştirakını, iki şəhər arasındakı mədəni əlaqələrin getdikcə daha da möhkəmləndiyini qeyd edib. Məhsəti Gəncəvinin abidəsinin və "Oranjeri" zalının açılışının ikitərəfli münasibətlərin zənginləşməsinə xidmət edəcəyini bildirib. "Orenjeri" zalının sərgilərin təşkil olunmasına, hər iki şəhərin sakinlərinin bir-birinin mədəniyyətini yaxından tanımasına imkan yaradacağını vurğulayıb.
Sonra Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov çıxış edərək ölkəmizin zəngin tarixi, mədəniyyəti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dünyada, xüsusilə də Fransada həyata keçirdiyi layihələr haqqında geniş məlumat verib.
Diplomat Tovuz və Konyak şəhərləri arasında imzalanan qardaşlaşma xartiyasına toxunaraq ikitərəfli münasibətlərin inkişafında onun rolunun əhəmiyyətini qeyd edib. O, Məhsəti Gəncəvinin hələ XII əsrdə əsərlərində qadınların hüquqlarını və kişi-qadın bərabərliyini müdafiə etdiyini diqqətə çatdırıb. Məhsəti Gəncəvinin əsərlərinin bu gün bir çox dillərə tərcümə olunduğunu və sevilə-sevilə oxunduğunu bildirib.
E.Əmirbəyov Məhsəti Gəncəvinin əsərlərinin 900 illiyinin 2013-cü ildə UNESCO-da təntənəli şəkildə qeyd olunduğunu, Heydər Əliyev Fondunun dəstəyi ilə Müluz Yuxarı Elzas Universitetində Məhsəti Gəncəvi adına zalın fəaliyyət göstərdiyini diqqətə çatdırıb. O, Konyakda Azərbaycanın böyük şairəsinin xatirəsinə göstərilən ehtirama görə təşəkkürünü bildirib.
Sonra Konyakın merinin müavini Jan-Fransua Herouard Məhsəti Gəncəvinin yaradıcılığından danışaraq həzin musiqi sədaları altında onun rübailərindən bir neçəsini söyləyib.
Tədbir iştirakçıları Məhsəti Gəncəvinin heykəlinin müəllifləri Salhab Məmmədov və Əli İbadullayevə yaratdıqları bu ecazkar əsərə görə təşəkkür ediblər.
Açılış mərasimindən sonra meriyada təşkil olunan kokteyldə tarzən Rövşən Qurbanovun və kamança ustası Ceyhun Muradovun müşayiəti ilə Gülay Zeynallı muğamlarımızı ifa edib. Tədbir iştirakçıları Azərbaycan muğamlarına valeh olduqlarını bildiriblər.
Milli.Az