Qadin.NET / Robot kreslo növbəyə nəzarət edəcək

Robot kreslo növbəyə nəzarət edəcək

Robot kreslo növbəyə nəzarət edəcək


Yaponiyanın "Nissan Motor" avtomobil istehsalçısı canlı növbədə rahat durmaq üçün nəzərdə tutulan "ProPILOT Chair" avtonom kreslosunu təqdim edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, növbədə uzun müddət dayanmaq kifayət qədər yorucudur və insanlar çox vaxt əyləşərək istirahət etmək imkanı axtarırlar. Lakin hamı oturan zaman növbəni izləmək çətin olur və bu, konfliktlə nəticələnən çaşqınlıq yarada bilər.

"Nissan" mühəndislərinin düzəltdiyi kreslo canlı növbə sırasını müstəqil izləyir. Qurğu ötürücü və kameralar vasitəsilə öndə dayanan kresloyadək olan məsafəni müəyyənləşdirir və avtonom təkər platforması lazım gəldikdə irəliyə doğru hərəkət edir. İnsan kreslonu tərk edərək növbədə birinci olan zaman qurğu avtomatik olaraq kənara çəkilərək növbənin sonuna keçir. Beləliklə, növbədə oturan insanların hərəkət ardıcıllığını əlavə müzakirə etməyə və ya yerlərini dəyişməyə ehtiyac qalmır. Belə ki, növbənin bütün idarəetməsi avtomatik rejimdə həyata keçirilir.

Mühəndislər kreslonu ərsəyə gətirərkən bir sıra "Nissan" markalı avtomobil modellərində avtopilot rejim üçün nəzərdə tutulan mövcud "ProPILOT" sistemindən istifadə ediblər. Bu rejimdə avtomobil sürəti müstəqil saxlaya və distansiyaya riayət etməklə irəlidə gedən nəqliyyat vasitəsinin arxasınca hərəkət edə bilir.

Bundan əvvəl "Nissan" mütəxəssisləri 2016-cı ilin əvvəlində "YouTube" videohostinqində müstəqil hərəkət edən kreslonun işini nümayiş etdirən videoçarx yerləşdiriblər.  Şirkət mühəndisləri adi ofis kreslolarını otaqda sərbəst hərəkət edə bilən robotlara çeviriblər.  

Standart kreslo təkərləri əl çalmaqla aktivləşən xüsusi elektron bloklarla əvəzlənib. Eksperimentin mahiyyəti yeni avtopilot parklama sisteminin nümayişindən ibarətdir.

Bildirilir ki, kreslolar quraşdırılmış "Wi-Fi" modulu vasitəsilə kompüterdən komandalar alır. Öz növbəsində kompüter otağın divarlarında quraşdırılan kənar kameralardan daxil olan təsvirlərə əsaslanır. Beləliklə, sistem başqa istehsalçıların bilavasitə nəqliyyat vasitəsinə quraşdırdıqları xüsusi sensorlar olmadan da işləyə bilir. Keyfiyyətli sürücüsüz parklama üçün adi videomüşahidədən də istifadə mümkündür.

Milli.Az

1 oktyabr 2016
GO BACK