"Space" Müstəqil Televiziya və Radio Şirkətinin 104 FM radiosunun fəaliyyəti dayandırılıb.
Bu barədə APA-ya Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyindən məlumat verilib.
Məlumata görə, bu addım radionun borcu olduğuna görə atılıb.
Birlikdən bildirilib ki, bu, profilaktik tədbirdir, yayım bərpa edilə bilər: "Bizdə hazırda radionun fəaliyyətinin dayandırılması haqda qərar yoxdur".
Milli Televiziya və Radio Şurasının Aparat rəhbəri Toğrul Məmmədov APA-ya bildirib ki, yayımın dayandırılması profilaktik tədbirlə bağlıdır və axşam saatlarında yayım bərpa olunacaq.
MTRŞ-nın şöbə müdiri İsa Məmmədov aznews.az-a açıqlamasında xəbərləri təkzib edib. Onun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən yayım tezliklərinin dayandırılması ancaq MTRŞ-yə məxsusdur: "Biz də həmin radionun dayandırılması ilə bağlı qərar çıxarmamışıq".
İ. Məmmədov "Space 104 FM" radiosunun Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinə 12 min manat borcunun olmasına da aydınlıq gətirib: "Tək "Space" deyil, hamının borcu var. Borca görə yayım dayandırıla bilməz".
Apa.Az