Qadin.NET / Baş pediatr: "Azərbaycanda uşaq ölümləri artıb"

Baş pediatr: "Azərbaycanda uşaq ölümləri artıb"

Baş pediatr: "Azərbaycanda uşaq ölümləri artıb"


"Hazırda Azərbaycanda uşaq ölümləri 2 promilli artıb".

Milli.Az bildirir ki, bunu modern.az-a açıqlamasında Səhiyyə Nazirliyinin baş pediatrı, Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, professor Nəsib Quliyev deyib.

Baş pediatr ölüm səbəblərinin artmasına aydınlıq gətirib. O, yeni doğulanlarda daha çox müşahidə olunan xəstəliklərin içərisində doğuş asfiksiyası və yarımçıq doğuşları xüsusi qeyd edib:
"Doğum asfiksiyası hamiləliyin başa çatdırılmadan doğuşun baş verməsidir.
Bundan başqa, yeni doğulmuşlarda bətndaxili infeksiyalara çox rast gəlinir. Həddindən artıq az çəkili uşaqların doğuşunun artması var.
Əvvəllər 28 həftəlikdən sonra dünyaya gələnlər yeni doğulan kimi qiymətləndirilirdi. 28 həftədən tez doğulanlara gecikmiş düşük deyirdilər.
2015-ci ildən Ümumdünya Səhiyyə Təşkilatının diri doğulma üzrə yeni meyarlarını qəbul etmişik. Bu da tibbi texnikanın inkişafı ilə bağlıdır. O meyarlara görə, hamiləlik müddəti 22 həftə və ondan artıq, bədən kütləsi 500 qram və ondan artıq olan, həyat əlaməti görülənlər diri doğulmuş uşaq kimi qiymətləndirilir.
500, 600, 700 qramlıq uşaqlara qulluq edilməsi də yeni əmələ gəlmiş problemdir. Hazırda tibbi texnikanın inkişafı ilə əlaqədar olaraq bətn xaricində 500 qramlıq uşaqlara xidmət edilir. Bunun səbəbi də doğuş asfiksiyasıdır. Bu doğuş yollarında, bətn daxilində uşaqların oksigensiz qalaraq boğulmasına deyilir. Bunun da çoxsaylı səbəbləri var".
N.Quliyev eyni zamanda bildirib ki,1990-cı illərin əvvəllərilə müqayisədə, 25 il ərzində Azərbaycanda uşaq ölümləri 3 dəfəyə qədər azalıb:
"2015-2016-cı illərdə isə uşaq ölümləri 2 promilli artıb. Bu da təbii olaraq yuxarıda qeyd etdiyim kimi diri doğulmanın yeni meyarlarına keçidlə bağlıdır. Əvvəl 500 qram çəkidə dünyaya gələn uşaq kimi qiymətləndirilmir, gecikmiş düşük adlandırılırdı. Amma indi onlara da diri doğulan kimi yanaşıldığından uşaq ölümlərinin sayında artım var.
22-28 həftə ərzində dünyaya gələn uşaqlarda yaşama şansı az, ölüm riski çox olduğuna görə, 2 promillik (1 promil əhalinin mində bir hissəsidir. Uşaq ölümləri promillə ölçülür. ) artım var. Yəni, bizdə hər min nəfərə 2 nəfər uşaq ölümü baş verir. Məsələn Orta Asiyada diri doğulmanın yeni meyarlarına keçiddən sonra uşaq ölümləri 5-7 promilli artıb. Bizdə cəmi 2 promilli artım var, bu da təbiidir və bu gün üçün qənaətbəxşdir. Biz çalışırıq ki, göstəricilərimiz dünyanın inkişaf etmiş ölkələrinə bərabər olsun. Hazırda bizdə körpə ölümləri 10-12 promilli arasında dəyişir. İstəyimiz odur ki, göstəricini 4-5 promilliyə endirək.  Hansı ki, 1990-cı ilin ortalarında bu göstəricilər 30 promilli olub".

Milli.Az

28 sentyabr 2016
GO BACK