Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.
MTRŞ-dan Trend-ə verilən məlumata görə, rəqəmli yayıma keçidlə bağlı mövcud vəziyyət müzakirə olunub.
İclasda Azərbaycan Prezidentinin 20 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.1.7-ci bəndinə uyğun olaraq Bakı və Abşeron yarımadasında yerüstü yayımlanan ümumölkə TV proqramlarının analoq yayımının 01 noyabr 2016-cı il tarixdən, respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımının 01 dekabr 2016-cı il tarixdən etibarən dayandırılması barədə qərar qəbul edilib.
Azərbaycan ərazisində yerüstü yayımlanan TV proqramlarının analoq TV qəbulediciləri ilə izlənilməsi üçün DVB-T standartına uyğun olan dekoderlərin ("Set-Top-Box"-ların) istifadəsi ilə bağlı maarifləndirmə tədbirlərinin aparılması teleradio yayımçılarına və digər müvafiq qurumlara, eyni zamada Azərbaycanda fəaliyyət göstərən sahibkarlara DVB-T standartına uyğun olan dekoderlərin ("Set-Top-Box"-ların) satışının təşkilinin təmin edilməsi tövsiyə edilib.
Bununla bağlı MTRŞ vətəndaşlara müraciət edir ki, şuranın 27 sentyabr 2016-cı il tarixli 10 saylı qərarına uyğun olaraq 1 noyabr 2016-cı il tarixdən Bakı şəhəri və Abşeron yarımadasında analoq TV yayımı dayandırılacaq.
Növbəti mərhələdə - 1 dekabr 2016-cı il tarixdən digər bölgələrdə də analoq TV yayımının dayandırılması həyata keçiriləcək.
Televiziya tamaşaçılarından mövcud analoq TV qəbulediciləri vasitəsilə rəqəmli TV yayımının izlənməsi üçün tələb olunan zəruri avadanlığın - dekoderlərin ("Set-Top-Box"-ların) əldə olunması xahiş olunur.
Day.Az