"Twitter" mikrobluqu yaxın vaxtlarda satış barədə rəsmi təklif ala bilər. Son vaxtlar yayılan bu söz-söhbətlər şirkətin Direktorlar Şurasının son toplantısından sonra güclənib.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, "Twitter"i satın almağa əsas iddiaçılar "Google" və CRM-sistemlər işləyib hazırlayan "Salesforce" şirkətləridir. Potensial alıcılar arasında bir sıra texnoloji şirkətlərin olduğu da bildirilir.
"Twitter" rəhbərliyinə yaxın mənbələr Direktorlar Şurasının sövdələşmədə maraqlı olduğunu bildiriblər. Lakin satışın baş tutub-tutmayacağı hələlik bəlli deyil. Mənbələrdən biri deyib ki, rəhbərlik ən əlverişli məqamı gözləyir və "Twitter" ilin sonuna qədər satıla bilər.
Satış barədə söz-söhbətlərin ciddiləşməsi nəticəsində sentyabrın 23-də səhər saatlarında şirkət səhmlərinin dəyəri 20% artaraq bir səhm üçün 22,87 dollara çatıb.
Qeyd edək ki, son vaxtlar "Twitter" problemlərlə üzləşib. II rübdə şirkətin gəlirləri 20% azalaraq 602 milyon dollara düşüb. Zərər 107 milyon dollar təşkil edib. Bir ay ərzindəki aktiv istifadəçilərin sayı isə ötən illə müqayisədə yalnız 3% artıb və 313 milyon nəfər olub.
Milli.Az