Qadin.NET / Xaricdən gələn həkimlər daha savadlıdırlar?

Xaricdən gələn həkimlər daha savadlıdırlar?

Xaricdən gələn həkimlər daha savadlıdırlar?


Elə bilirik ki, xaricdən gələn həkimlər daha savadlıdırlar, əslində isə...

Son illər ölkəmizdə yerli həkimlərə, ümumiyyətlə, səhiyyə sisteminə inam azalır. Bunu xəstələrin müalicə üçün xaricə axışması, ya da elə ölkə daxilində məhz xaricdən dəvət almış həkimin qəbuluna can atması da göstərir. Çox tez-tez hansısa xarici ölkədən gələn həkimin xəstələri qəbul edəcəyi barədə reklamlara da rast gəlirik.

Amma bəzi hallarda Səhiyyə Nazirliyinin icazəsi olmadan xaricdən həkimlərin dəvət edilməsi halları da olur. Bu barədə jurnaliçtlərə bildirən səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib ki, bu məsələ nazirliyin xüsusi komissiyası tərəfindən tənzimlənir: "Bu komissiya mütəmadi olaraq, öz iclaslarını keçirir. Azərbaycanda fəaliyyət göstərəcək həkimlər diplomlarını Təhsil Nazirliyi tərəfindən təsdiq etdirir, sonra isə bizə sənədlərini verirlər. Əfsuslar olsun ki, bəzi hallarda bundan yayınanlar da olur".

Milli.Az xəbər verir ki, AMEA-nın müxbir üzvü, tibb elmləri doktoru, professor Nuru Bayramov "Ekspress"ə bildirib ki, bizdə üstünlüyün xarici həkimlərə verilməsi, daha çox stereotiplə bağlıdır: "Sovet sistemi dağıldıqdan sonra bizdə müəyyən qədər səhiyyə sahəsində inkişaf ləngidi. Daha sonra bizim həkimlər savad və təcrübələrini inkişaf etdirmək üçün xarici ölkələrə üz tutdular. Bu da insanlarda belə bir psixoloji düşüncə yaratdı ki, xaricdən gələn həkimlər daha üstündür. O stereotip və düşüncə ilə də insanlar xaricdən gələn həkimlərə daha çox meyl edirlər".

Bayramov vurğulayıb ki, xaricdən gələn həkimlər xəstəyə görə o qədər də məsuliyyət hiss etmir: "Müalicəni və əməliyyatı edəndən sonra əksər hallarda öz ölkəsinə qayıdır. Xəstə isə müsbət nəticə verməyən əməliyyat və müalicədən sonra şikayətlərini kimə deyəcəklərini bilmirlər. Xaricdən gələn həkim burada həkim briqadası və ya klinika ilə daimi işləməlidir. O, burda olmaya bilər. Amma onun xəstələrinə nəzarət edən professional həkim olmalıdır. Xaricdən gələn həkimin burdakı həkimlə bərabər çalışması normadır".

Tibb sahəsi üzrə ekspert Adil Qeybulla bizimlə söhbətində bildirib ki, xaricdən dəvət edilən həkimlərin necə mütəxəssis, hansı dərəcədə tibbi savada malik olması şübhə altında qalır: "Ona görə ki, xarici həkimləri ya internet vasitəsilə, ya da təsadüfi tanışlıqla dəvət edirlər. Onların tibb sahəsində əldə etdikləri nailiyyətlər, eləcə də uğursuzluqları nəinki sadə vətəndaşlara, heç özəl tibb müəssisələrinin özünə də tam bəlli deyil".

Müsahibimiz qeyd edib ki, tibb müəssisəsi xaricdən həkim dəvət edərkən ilk növbədə bundan Səhiyyə Nazirliyinin xəbəri olmalıdır: "Bu məsələ Səhiyyə Nazirliyinin və ya nazirliyin hansısa qurumunun razılığı ilə həyata keçirilməlidir. Xaricdə tətbiq olunan müalicə və ya əməliyyatın ölkədə hələlik həyata keçirilmədiyi halda bunun tətbiqini işə salmaq üçün xaricdən həkim çağırıla bilər. Eləcə də, təcrübə mübadiləsi məqsədilə də dövlət səviyyəsində xarici ölkələrdən həkimlər dəvət edilə bilər. Hər hansı özəl tibb müəssisəsinin istənilən həkimi dəvət edib, reklamını vermək, bundan kommersiya maraqları üçün istifadə etməsi düzgün deyil. Adətən belə həkimlər öz ölkəsində aparıcı mütəxəssis kimi tanınmır, onları bizdə belə reklam etsələr də".

Tibb sahəsi üzrə ekspert Şəmsiyyə Namazlının "Ekspress"ə bildirdiyinə görə, elə bir dövrdə yaşayırıq ki, hər xəstənin həkim seçmək hüququ var: "Xəstə istəsə, xarici ölkəyə gedib müalicə ala bilər, burdakı həkimlərə və ya bura xaricdən dəvət alan həkimlərin yanına da gedə bilər. Bizdə elə sahələr var ki, həkimlər olsa da, təcrübəsi azdır. Çətin xəstəliklərin müayinə və müalicəsi üçün aparatlar, həmin müalicə prosedurlarını həyata keçirən həkimlər də var. Amma bu sahədə təcrübələri zəifdir. Həkimin təcrübəsi, avadanlıqlardan istifadə qaydasını nə dərəcədə bilməsi isə çox önəmli rol oynayır".

Həmsöhbətimiz hesab edir ki, bəzən də sadəcə xəstələrin yerli həkimlərə qarşı inamsızlığı olur, onlar daha çox xaricdən gələn həkimə etibar edirlər: "Elə də olur ki, xəstələrimiz bir dəfə xarici ölkənin həkiminin qəbuluna gedib, müalicələri müvəffəqiyyətli olduğu üçün təkrar yenə ona müraciət edir".

Namazlı bildirib ki, bizdə də yaxşı həkimlər var: "Ölkəmizin elə həkimləri var ki, vaxtaşırı xarici ölkələrdə təcrübə keçir, konqreslərdə iştirak edirlər. Əgər o həkim öz üzərində işləmirsə, öz savadını və təcrübəsini artırmırsa, təbii ki, onun qəbulunda olmaq istəyən xəsətələrin sayı da az olacaq".

Ş.Namazlının sözlərinə görə, bizim həkimlərin mənfi tərəflərindən biri xəstə ilə xoş münasibət qurmamasıdır: "Həkimlərimiz deontologiya elmini bilmir, deontoloji məsələlərə fikir vermirlər. Elmə görə, gələn xəstələri öncə bir insan kimi qəbul etmək lazımdır. Həkim xəstəyə gülərüzlə yanaşmasa, davranmasa, onun şikayətlərini, ağrı-acılarını öz ağrı-acısı kimi qəbul etməsə, pasientin ona inamı itir. İlk qəbul zamanı xəstə ilə xoş münasibət yoxdursa, xəstənin həkim haqda fikri mənfi olur".

Milli.Az

26 sentyabr 2016
GO BACK