Bu gün məktəbəqədər təhsil müəssisələrinin pedoqoji heyəti yaxşı deyil. Yaxşı olar ki, uşaqların məktəbə hazırlığı məktəblərin nəzdində aparılsın.
Milli.Az azvision.az-a istinadən bildirir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib. Komitə sədri qeyd edib ki, Azərbaycanda son illərdə tikilən bağçaların maddi-texniki bazası yaxşı olsa da, pedoqoji heyət o qədər də güclü deyil:
"Oktyabrda Elm və təhsil komitəsində ilkin varinatda müzakirə olunacaq "Məktəbəqədər təhsil haqqında" qanun layihəsində məkətəbəhazırlıq qrupları ilə bağlı bölmə çox geniş yer tutur. Bu, zamanın tələbədir. Elə ölkələr var ki, orada bağçaya gedən uşaqların 100 faizi məktəbə götürülür. Finlandiya, Estoniya bu cəhətdən nümunədir. Bizdə də bu istiqamətdə işlər aparılır. Keçən ildən Təhsil Nazirliyi Bakı şəhər məktəblərində pilot layihə həyata keçirib. Layihə uğurlu alınıb və Nazirlər Kabinetinin qərarı ilə 2016-ci ildən etibarən Azərbaycanın bütün məktəblərin nəzdində məktəbəhazırlıq qrupları yaradılacaq".
Komitə sədri bağçalarda fəaliyyət göstərən məktəbəhazırlıq qruplarının vəziyyətinin ürəkaçan olmadığını deyib. "Düşünürəm ki, məktəbəhazırlıq qrupları məktəblərin nəzdində olmalıdır. Çünki bu, tədrislə, məktəblə bağlı işidir. Bu gün uşaqların mütləq əksəriyyəti məktəblərdəki məktəbəhazırlıq qruplarına gedir. Əgər bağçalardakı qruplarda uşaqlar varsa, onlar da məktəbdəki qruplara gedəcəklər və bu meyillilik getdikcə artacaq. Fikrimcə, bu proses məktəblərin nəzdində olsa yaxşıdır. Reallıq budur ki, hələlik bağçaların pedoqoji heyəti yoxdur".