Buffalo Universitetində aparılan yeni tədqiqatın müəllifləri hesab edirlər ki, istənilən bəhanə ilə əhvalı pozulan və tez-tez ağlayan uşaqlarda piylənmə riski yüksəkdir. Məsələn, uzun müddət sakitləşə bilməyən uşaqlar valideynlərindən şirniyyat və digər qida formasında "mükafata" üstünlük verirlər ki, bu da gələcəkdə çəki artımı yarada bilər.
AZƏRTAC "healthvesti.com" saytına istinadla xəbər verir ki, ekspertlərin fikrincə, ağlayan uşağı sakitləşdirmək üçün valideynlərin təklif etdikləri oyuncaqlar, uşaq meydançalarına baş çəkmək və digər maraqlı əyləncələr uşağı yemək barədə düşüncələrdən yayındıra bilər və piylənmənin qarşısını ala bilər. Bu məlumatlar 9 aylıq körpədən yaş yarımınadək 105 uşağın davranışını müşahidə etmək əsasında əldə olunub. Körpələr "mükafat" qismində öz sevimli yeməklərini və ya sabun qovuqlarını əldə etmək üçün düyməni basmalı idilər.
Əldə olunan nəticələr göstərir ki, uşaqlarda qida seçimi davranışı hələ körpə yaşlarında formalaşır və bu, onların gələcək həyat tərzinə təsir edə bilər. Bu nəticələr mütəxəssislərə ən körpə yaşlarından uşaqlar arasında sağlam qidalanmanı təşviq etmək yollarını müəyyənləşdirməyə kömək edər.
Milli.Az