Qadin.NET / Nazirlik ana ölümlərinin səbəbini AÇIQLADI

Nazirlik ana ölümlərinin səbəbini AÇIQLADI

Nazirlik ana ölümlərinin səbəbini AÇIQLADI


Səhiyyə Nazirliyi Azərbaycanda ana ölümlərinin ilkin səbəblərini açıqlayıb.

Milli.Az bildirir ki, Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzin direktoru Sevinc Məmmədova APA-ya açıqlamasında deyib ki, ana ölümlərinin ilkin səbəbləri iki qrupa bölünür.

O bildirib ki, bir qrup səbəblər hamiləlikdən öncə qadında mövcud olan xəstəliklərdir: "Məsələn, anadangəlmə ürək qüsurları, böyrək xəstəlikləri, qaraciyər xəstəlikləri, revmatizm, bir sıra irsi qan xəstəlikləri, epilepsiya, vərəm. Adətən bu qrup xəstəliklər hamiləlikdən öncəki dövrdə gizli keçir və yalnız hamiləlik zamanı özünü büruzə verir. Hamilə qadınlar bunu hamiləliyin gedişi ilə əlaqəli hesab edərək həkimə müraciət etmirlər. Xəstəlik ağır dekompensasiya mərhələsinə çatdıqda artıq gec olur və çox vaxt hamilə qadına yardım ləngiyir". 
 
S. Məmmədovanın sözlərinə görə, ikinci qrup səbəblər yalnız hamiləliklə əlaqəlidir və yalnız hamiləlik vaxt üzə çıxır. Məsələn, hamiləlik hipertenziyası, hestasion diabet, hamiləlik proteinuriyası, preeklampsiya, eklampsiya, ciftin vaxtından əvvəl ayrılması. Bu xəstəliklər vaxtında araşdırılıb, yardım göstərildikdə qadının həyatını xilas etmək mümkündür. Bu səbəbdən respublikada mövcud olan antenatal qulluğa dair tövsiyələrdə göstərilir ki, hər bir hamilə ilk gündən qadın məsləhətxanasında qeydiyyata düşməlidir, mütəmadi olaraq həkim nəzarətində olmalıdır, vaxtı-vaxtında müvafiq müayinələrdən keçməlidir. Hər bir normal hamiləlikdə antenatal qulluq 7 gəlişdən ibarətdir. Lakin  müayinələr zamanı hər hansı bir patologiya aşkarlanarsa, həkim müvafiq stasionara daha həcmli və dolğun müayinə və müalicə məqsədi ilə  göndəriş verərək hospitalizasiya etməlidir. Araşdırma zamanı məlum olur ki, hamilə qadınlar və onların yaxınları əksər hallarda hospitalizasiyadan imtina edirlər və nəticədə, təəssüf ki, bədbəxt hadisə baş verir". 
 
S. Məmmədova qeyd edib ki, müvafiq təlimatlara uyğun olaraq, hər bir ana ölümü halı Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasına təqdim edilir: "Qısa bir müddətdə mütəxəssislərə təhlilə təqdim edildikdən sonra, zəruri hallarda əlavə mütəxəssis rəylərinə verilir. Ana ölümünün nəticələri toplandıqdan sonra, xüsusi keçirilən iclasda müzakirə edilib, müvafiq qərar qəbul edilir. Çox vaxt Komissiyaya ana ölümü kimi təqdim olunan halın təhlili qadının ölüm səbəbini hər hansı bir hamiləliyə əks göstəriş olan ekstragenital xəstəlik ucbatından baş verməsi müəyyən olunur. Məsələn, ağır ürək qüsuru, vərəm, anadangəlmə böyrək qüsuru və çatışmamazlığı, idiopatik trombositar purpura və s. kimi xəstəliklər".

Milli.Az

20 avqust 2016
GO BACK