Yeni binalardan müqavilə ilə mənzil alanlara bələdiyyələr tərəfindən əmlak vergisi bildirişləri verilir. Bu isə vətəndaşı çaş-baş salır. Əgər vətəndaşın aldığı evin çıxarışı, başqa sözlə, "kupça"sı yoxdursa, o, vergiyə cəlb oluna bilərmi? Mübahisəli məsələ bir çox yerdə vətəndaşlarla bələdiyyələr arasında mübahisələrə səbəb olur.
Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, Yasamal rayonu ərazisində yeni tikilmiş binaların birindən müqavilə ilə mənzil alan Nadir Pənahova yerli bələdiyyədən əmlak vergisi ödəməli olduğuna dair bildiriş gəlib. O və binadakı qonşuları isə bələdiyyəyə əmlak vergisi verib-verməməklə bağlı tərəddüd içindədirlər. Buna səbəb məsələnin hüquqi müstəvidə necə həll olunmasından xəbərsiz olmalarıdır.
Yasamal rayon bələdiyyəsindən bildirdilər ki, müqavilə ilə mənzil alan şəxslər bələdiyyələrə əmlak vergisini verməlidirlər və bu məsələ vergilər məcəlləsində öz əksini tapıb.
Hüquqşünaslar isə bildirirlər ki, mənzilin çıxarışı olmadığı halda ev sahibi vergiyə cəlb oluna bilməz.
Mübahisəli məsələyə son nöqtəni isə Vergilər Nazirliyi qoydu. Nazirlikdən "Xəzər Xəbər"ə verilən məlumata görə, vətəndaş mənzili müqavilə ilə əldə etsə belə, əmlak vergisini verməlidirlər. O ki, qaldı əmlak vergisinin məbləğinə, 30 kvadratmetrədək sahəsi olan mənzillərə bu vergi şamil olunmur. Bu sahədən çox olan mənzil sahibləri ildə bir dəfə olmaqla, Bakıda hər kvadratmetr üçün 40, Gəncə, Sumqayıt və Abşeronda 30, digər rayon və şəhərlərdə isə 20 qəpik ödəməlidirlər.
Milli.Az