Qadin.NET / 690 bal toplayan Röya: "Neft çıxartmaq uşaqlıq arzum idi"

690 bal toplayan Röya: "Neft çıxartmaq uşaqlıq arzum idi"

I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında yüksək bal toplayaraq Bakı Ali Neft Məktəbini (BANM) seçən abituriyentlərdən biri də Qədimli Röya Xəlil qızıdır.

Milli.Az bildirir ki, o, 690 bal toplayıb və BANM-in "Kimya mühəndisliyi" ixtisasını seçib. Qədimli Röya Xəlil qızı 1998-ci ilin dekabrında Ağdaş rayonunun Qaradağlı kəndində anadan olub. İbtidai sinfi Qaradağlı kənd məktəbində oxuyub. 5-11-ci siniflərdə isə, o, Ağdaş rayonu Maqsud Şeyxzadə adına Texniki humanitar və təbiət təmayüllü gimnaziyada təhsil alıb. Röya Qədimli orta məktəb illərində əlaçı olub. Özünün bildirdiyinə görə, texniki fənnləri, xüsusilə fizika və riyaziyyat fənnlərinə daha çoxmarağı olub...

Orta məktəbdən riyaziyyatı və fizikanı çox sevirəm, məndən iki yaş böyük qardaşım bu fənnləri sevdiyi üçün məndə də bu fənnlərə belə maraq yarandı. Əsas da fizikanı o mənə sevdirib. Qardaşımla birlikdə böyümüşəm. Elmə yönəlmişik. Uşaqlıqdan həmişə neft-qaz mühəndisi olmaq istəmişəm, amma kimyanı seçəcəm. Neft-qaz mühəndisliyini ona görə sevirəm ki, əmim dənizdə çalışır, gəmi kapitanıdır. Əmimi çox istədiyim üçün dənizi də sevirəm və bu sahə mənim üçün doğmadır.

- Bəs dənizin fırtınası qorxutmazdı səni?

- Xeyr, qorxmazdım. Əzmkarlıq cəsarət tələb edır. Mən özümü zəif hesab etmirəm. Hazırda özümü gələcəyin kimya mühəndisi kimi görürəm. Baxmayaraq ki, 7-ci sinifdə qərar vermişdim ki, neft-qaz mühəndisi olacağam.

- Humanitar fənnlərə marağın olmayıb?

- Ədəbiyyata marağım var. Bədii ədəbiyyatda detektiv janrını çox sevirəm. Çingiz Abdullayevin yaradıcılığını çox sevirəm və əsərlərinin bir çoxunu oxumuşam. Həmçinin Aqata Kristinin, Artur Konan Doylun detektiv əsərlərini oxumuşam.

- BANM-də oxumaq sənin arzun olub...

- Bakı Ali Neft Məktəbi yarandığı ilk ilindən mən burada təhsil almağı fikirləşdim. Respublikadakı nüfuzuna və reytinq cədvəllərində ön sırada olduğuna, təhsil səviyyəsinə görə BANM-i seçdim. Tələbələrinin uğurları, istehsalat təcrübəsinin yüksək səviyyədə təşkili, mühit, yüksək səviyyədə təhsil verdiyinə görə buranı seçdim. Bununla yanaşı, Bakı Ali Neft Məktəbində oxumağın çətin oldugunu bilirəm. Buna görə də mən bütün bacarığımı sərf etməyə çalışacağam. Bilirəm ki, birinci il burada "İngilis dili" ilboyu tədris olunur. İngilis dili biliklərimi zənginləşdirəcəyəm. Özümə inamım var.

- Kimya mütəxəssisi olaraq gələcəkdə özünü harda görürsən?

- Neft çıxartmaq uşaqlıq arzum idi, buna görə də neft-qaz mühəndisi olmaq istəyirdim. İndi isə, "Kimya mühəndisliyi"ni seçmişəm. Gələcəkdə neftayırma zavodunda işləyəcəm. Neftin tərkibini yoxlayacam.

Milli.Az

3 avqust 2016
GO BACK