29 iyun-1 iyul tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində Mərkəzi və Şərqi Avropa üzrə Krans Montana Forumunun 27-ci illik sessiyası həyata keçirilib.
Obbudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müxtəlif ölkələrin dövlət nümayəndələrinin, deputatların, beynəlxalq və regional təşkilatların təmsilçilərinin iştirak etdikləri tədbirdə enerji təhlükəsizliyi, "Mərkəzi və Cənub-Şərqi Avropaya qaçqın və miqrantların axını", "Qadın hüquqları və gender bərabərliyinin təmini" və digər mövzularda fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Forumda iştirak edərək, qaçqın və miqrantların problemləri, habelə qadın hüquqları və gender bərabərliyinin təmini mövzularında müzakirələr zamanı çıxış edib.
Müvəkkil qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsinin təşkili, eyni zamanda Azərbaycanda məcburi köçkünlərin vəziyyəti, sosial təminatı və mövcud problemləri haqqında tədbir iştirakçılarına geniş məlumat verib.
E.Süleymanova Azərbaycanın hələ ötən əsrin 80-ci illərinin sonlarından kütləvi miqrant axını ilə üzləşdiyini, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində insanların öz yurdlarından didərgin salındığını, nəticədə bir milyona yaxın qaçqın və məcburi köçkünün ölkə ərazisində məskunlaşdığını, 9,7 milyon əhalisi olan Azərbaycanın adambaşına düşən məcburi köçkün sayına görə dünyada ən böyük didərgin yükünə sahib ölkələrdən biri olduğunu, bununla yanaşı, sürətli iqtisadi inkişafı sayəsində Azərbaycanın üçüncü ölkələrdən gələn çoxsaylı miqrantlar üçün hədəf ölkəsinə çevrildiyini bildirib.
O qeyd edib ki, ötən illər ərzində ölkədə qaçqın və məcburi köçkünlərin ümumi həyat şəraitinin yaxşılaşdırılması istiqamətində davamlı və əhatəli tədbirlərin həyata keçirilməsi, 2007-ci ildə ölkədə sonuncu məcburi köçkün çadır düşərgəsinin ləğv edilməsi və burada yaşayanların tam infrastrukturla təmin olunmasına və yeni qəsəbələrə köçürülməsinə, nəticədə bu kateqoriyadan olan şəxslərin sosial, təhsil, sağlamlıq və iqtisadi dayanıqlılığının gücləndirilməsi və ölkəmizin bu nailiyyətinin müxtəlif beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilməsinə baxmayaraq, məcburi köçkünlərin insan hüquqlarının tam bərpa edilməsi münaqişənin həllini tələb edir və Azərbaycanın bu məsələdə mövqeyi çox aydındır: Azərbaycanın işğal edilmiş 20 faiz əraziləri azad edilməli və məcburi köçkünlərin öz evlərinə və əmlakına ləyaqətlə qayıtmaq hüququ təmin edilməlidir.
E.Süleymanova mövcud beynəlxalq hüququn boşluqlarından söhbət açaraq beynəlxalq sərhədləri keçən insanların beynəlxalq qaçqın hüququ ilə müəyyən edilmiş normalarla müdafiə olunmasına baxmayaraq, eyni prinsipin beynəlxalq hüquqda kifayət qədər nəzərdə tutulmayan və müəyyən edilməyən məcburi köçkünlərə şamil olunmadığını, bu baxımdan BMT-nin məcburi köçkünlərə dair əsas prinsiplərində (UN Guiding Principles on İDPs) öz əksini tapmış qayda və normalar əsasında öhdəlik daşıyıcı sənədin işlənib hazırlanmasının zəruriliyini vurğulayıb.
Müvəkkil bildirib ki, beynəlxalq təşkilatlarla əməkdaşlıqda "Böyük qayıdış" adlı müfəssəl Dövlət Proqramı işlənib hazırlanıb ki, o, münaqişənin həllindən sonra könüllü qayıdış prinsipi əsasında məcburi köçkünlükdən normal həyat tərzinə qaytarılmasını təmin edir və həmin proqramın həyata keçirilməsi üçün tezliklə lazımi şərait yaradılacaq.
E.Süleymanova miqrantların ölkə vətəndaşları ilə eyni sosial, mədəni və əmək hüquqlarına malik olmasını nəzərə alaraq, bu hüquqların hərtərəfli həyata keçirilməsi üçün lazımi şəraitin yaradılması və digər beynəlxalq sənədlərlə yanaşı, bu il qəbul olunmasının 50 illiyini qeyd olunan "Vətəndaşlıq və siyasi hüqüqlar haqqında beynəlxalq pakt" və "İqtisadi, sosial və mədəni hüquqlar haqqında pakt"da da təsbit olunan ayrıseçkiliyə yol verilməməsi prinsipi üzərinə sistemli preventiv tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulanıb.
O, miqrantların müdafiəsi və cəmiyyətə inteqrasiyası, təhlükəsizliyinin təmin edilməsi, habelə miqrantlarla bağlı dədiqləşdirmənin aparılması üçün məlumat bazasının yaradılması, bununla bağlı ümumi birgə fəaliyyət planının tərtib olunması və görüləcək tədbirlərin müəyyən edilməsi məqsədilə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi və dövlət orqanlarının vahid şəbəkə infrastrukturunun yaradılmasının zəruriliyini diqqətə çatdırıb.
Milli.Az