Tədqiqatçılar Antarktida üzərində ozon təbəqəsində baş verən nazilmənin azalmağa başladığına dair ilk dəqiq faktlar əldə ediblər.
Milli.Az lent.az-a istinadən bildirir ki, 2015-ci ilin sentyabr ayında aparılan müşahidələr ozon təbəqəsindəki dəliyin 2000-ci illə müqayisədə 4 milyon kvadratkilometr azaldığını müəyyən ediblər. Bu, təxminən Hindistanın sahəsi ilə bərabər ölçüdür. Dəlikdəki daralmanın ən azı yarısının ozana, zərərli kimyəvi maddələrin istifadəsinin mərhələli olaraq azaldılması sayəsində reallaşdığı düşünülür. Dəliyin xüsusilə Antarktida qitəsi üzərində meydana gəlməsinin səbəbi isə həddindən artıq soyuq hava və bölgəyə düşən günəş şüalarının intensivliyi olub.
BBC Türkiyənin məlumatına görə, ingilis tədqiqatçıları Antarktikanın təxminən 10 kilometr üzərindəki ozon təbəqəsinin diqqətə çarpan şəkildə nazilməsini ilk olaraq 1980-ci illərin ortalarında müşahidə ediblər. 1986-cı ildə ABŞ-lı alim Susan Solomon xloroflorokarbon (CFC) qazlarının ozon təbəqəsinə zərər verdiyini sübut edib. Bu qazlar saç spreylərindən soyuduculara və kondisionerlərə qədər bir çox sahələrdə istifadə edilir. 1987-ci ildə imzalanan Monreal protokoluna əsasən, CFC qazlarının istifadəsinə istiqamətli qəti tədbirlər görülüb. 2000-ci ildən etibarən bu qazların istehsalı ciddi formada aşağı düşüb. CFC qazlarının atmosferdəki ömrünün 50-100 il olduğu təxmin edilir. Hazırda stratosferdə (atmosferin 2-ci qatı) olan CFC-lərin müəyyən zaman ərzində tamamilə yox olmasıyla, ozon təbəqəsindəki dəliyin daha da kiçiləcəyi təxmin edilir.
Araşdırmanı icra edən qrup 2015-ci ilin oktyabr ayında "ozon təbəqəsindəki dəliyin rekord səviyyəyə çatdığına" dair tapıntıların, o dövrdəki vulkanik fəaliyyətlərdən qaynaqlandığını bildirib.
Çilidəki Kalbuko Yanardağı keçən ilin aprel ayında 43 il aradan sonra yenidən fəaliyyətə başlayıb. Canlıların günəşin ultrabənövşəyi şüalarının zərərindən qorunmasını təmin edən ozon təbəqəsinin incəlməsi dəri xərçəngi və katarakt hadisələrinin artmasına səbəb olduğu kimi, heyvanlar və bitkilər üçün də təhlükə yaradır.
Milli.Az