Qadin.NET / Qızılın qiyməti artacaq

Qızılın qiyməti artacaq

Qızılın qiyməti artacaq

Qlobal iqtisadiyyatın yavaşlaması, "Brexit"in mənfi nəticələri, inkişaf etmiş ölkələrdə uçot dərəcəsinin aşağı salınması kimi fundamental səbəblər qızılın qiymətinin 2016-cı ilin sonuna qədər 1500 dollar/unsiya həddini keçməsinə səbəb ola bilər. "Report" xəbər verir ki, B.Britaniyada keçirilən referendum onsuz da ehtiyatlı davranan investorları daha da təmkinli olmağa məcbur edib və nəticədə, risksiz aktiv kimi tanınan qızıla tələbatı artırıb. Belə ki, məhz iyunun 24-də "Brexit"in nəticələri məlum olan kimi, qızıl 100 dollardan çox və ya 8,1% bahalaşaraq 1355 dollar/unsiyaya qədər yüksəlib.

"Value View Gold Report" araşdırma şirkətinin direktoru Ned Şmidtin (Ned Schmidt) sözlərinə görə, "Brexit" həyatda bir dəfə baş verən hadisələrdəndir. Bu hadisə qızıla investisiya qoymaq istəməyənlərin fikrini tam dəyişib. O, qızılın unsiyasının bu il 1400 dollar, gələn il isə 1900 dollara qədər yüksələcəyini proqnozlaşdırır.

"ThinkForex" investisiya şirkətinin baş analitiki Naim Aslamın fikrincə, Avropa İttifaqında digər ölkələr də B.Britaniyanın yolu ilə gedə bilər, bu da Avropada vəziyyəti gərginləşdirəcək. Bunu nəzərə alaraq o, qızılın unsiyasının bu il 1500 dollara qədər artacağını ehtimal edib.
Bəzi analitiklər düşünürlər ki, maliyyə bazarlarındakı çaxnaşmaya yalnız qızıl tab gətirə bilər. Uzunmüddətli perspektivdə isə qızıl yalnız risksiz aktiv deyil, o cümlədən devalvasiyaya uğrayan valyutalara qarşı güclü təminat olacaq.

"EverBank World Markets" maliyyə xidmətləri şirkətinin prezidenti Kris Qafninin (Chris Gaffney) sözlərinə görə, hazırda dünya bazarlarında əsas problem "Lehman Brothers" dövründə olduğu kimi likvidlik çatışmazlığı ilə bağlıdır. Belə ki, iyunun 24-də dünyanın inkişaf etmiş ölkələrinin mərkəzi bankları zərurət olduğu halda bazara likvidlik verəcəklərini bildirib. K.Qafni həmçinin bildirib ki, İngiltərə Mərkəzi Bankı (BoE) və Avropa Mərkəzi Bankı (ECB) uçot dərəcələrini aşağı sala bilər. O xatırladıb ki, dünya iqtisadiyyatı uzun müddət aşağı faizlərin mövcud olacağı tsiklə qədəm qoyur. Aşağı faizlər və yüksək likvidlik isə qızılın qiymətinin artmasını qaçılmaz edir. 

Milli.Az

27 iyun 2016
GO BACK