Katolik dünyasının dini lideri Papa Fransisk Ermənistana səfəri öncəsi videomaterial yayıb.
Milli.Az anspress-ə istinadən bildirir ki, Papa Fransisk müraciətində sülh və uzlaşmaya çağırıb.
Papanın İrəvana səfəri sabah başlayacaq və iyunun 26-dək davam edəcək. Xristian lider Ermənistana "sülhün xəbərçisi", "bir qardaş" olaraq "sülhə gedən yoldakı bütün səyləri dəstəkləmək", "uzlaşmaq yolundakı addımları müşayiət etmək" üçün gedəcəyini deyib.
Papa Fransisk 1915-ci il hadisələri barədə ermənilərin gözlədiyi kimi "soyqırımı" sözündən istifadə etməyib. "Atalarınızın yaşadığı faciənin acısını hiss etdiyini" deyən Papa acı xatirələrin qəlbləri zəbt etməsinə imkan verilməməli olduğunu deyib.
Roma Papası səfər çərçivəsində Ermənistan prezidenti Serj Sarkisyan və erməni katalikosu ikinci Qaraginlə görüşəcək. Papa İrəvandakı proqramını başa vurduqdan sonra Gümrü şəhərinə yola düşəcək. Fransisk Ararat dağına tərəf göyərçin uçuracaq.
Papa bu sentyabrın sonu, oktyabrın əvəllərində Azərbaycan və Gürcüstana da səfər edəcək.
Qondarma erməni soyqırımının 100 illiyi ərəfəsində Roma Papasının "soyqırım" haqqında dedikləri Vatikanla Türkiyə münasibətlərinin pozulmasına səbəb olmuşdu. Lakin bundan 10 ay sonra erməni terrorunun qurbanı olan diplomat Vatikan tərəfindən anılmışdı. Bu hadisədən sonra Türkiyə tərəfi diplomatik münasibətləri düzəltmək qərarına gəlib. 2015-ci il aprelin 12-də Vatikandan geri çağırılan səfir Mehmet Paçacı da vəzifəsinin başına geri qaytarılmışdı.
Milli.Az