Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Xəzər rayonunun Zirə qəsəbəsində Suraxanı rayonundakı 2 saylı uşaq evi üçün inşa edilən "Dalğa" yay düşərgəsinin iyunun 22-də açılış mərasimi olub.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak ediblər.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva düşərgənin rəmzi açılışını bildirən lenti kəsdilər.
Bütün uşaqlar yay tətillərini səbirsizliklə gözləyirlər. Uşaqların yay aylarını dəniz kənarında keçirmələrinə həmişə üstünlük verilib. Bu yay günlərində Heydər Əliyev Fondu hər zaman olduğu kimi, valideyn himayəsindən məhrum olan uşaqların qayğılarını yaddan çıxarmadı və yenə də uşaq evlərinin sakinlərinə gözəl hədiyyə hazırladı. Dənizə yaxın məkanda - Bakının Xəzər rayonunun Zirə qəsəbəsində Fond 2 saylı uşaq evi üçün yay düşərgəsi inşa etdi. Bu isə Heydər Əliyev Fondunun bu kateqoriyadan olan uşaqların istirahətini, mənalı əylənmələrini əsl valideyn qayğısı ilə düşündüyünü bir daha nümayiş etdirir.
Milli Məclisin Xəzər rayonundan deputatı Mehriban Əliyeva gözəl dizaynla qurulan düşərgə binasında uşaqların səmərəli və maraqlı istirahəti üçün yaradılan şəraitlə tanış oldu. Heydər Əliyev Fondunun prezidentinə məlumat verildi ki, 2015-ci ilin yanvarında başlanılan tikinti işləri bu ilin may ayında yekunlaşıb. Nəticədə uşaqların istirahəti üçün ən müasir şərait yaradılıb. Suraxanı rayonundakı 2 saylı uşaq evinin 3 yaşdan 18 yaşadək sakinləri bu gündən burada istirahət edəcəklər. Düşərgənin əsas məqsədi isə uşaqların yay istirahətini səmərəli keçirmələrini təmin etməkdir. 120 nəfər üçün nəzərdə tutulan bu düşərgədə müxtəlif yaş qruplarına aid uşaqlar üçün yaddaqalan yay istirahəti təşkil ediləcək. Düşərgədə balacalar və yeniyetmələr musiqi ilə məşğul olmaq, müasir kompyuterlər vasitəsilə informasiya- kommunikasiya texnologiyalarına yiyələnmək imkanı qazanacaqlar, rəsm sahəsində istedadlarını inkişaf etdirəcəklər. Düşərgənin kitabxanasında bir çox sahələrə dair ədəbiyyat toplanıb. Müəssisənin geniş yeməkxanası balacaların və yeniyetmələrin vaxtında və düzgün qidalanmalarını təşkil etməyə şərait yaradır. Burada, həmçinin oyun zalı, emalatxana, dərs, istirahət otaqları da var. İkinci və üçüncü mərtəbə isə yataq korpusu üçün ayrılıb. Düşərgədə uşaqların əylənmələri üçün maraqlı tədbirlər təşkil ediləcək.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva burada 2 saylı uşaq evinin balaca sakinləri ilə görüşdü, yay istirahət düşərgəsinin artıq hazır olması münasibətilə onları təbrik etdi, maraqlı və xoş istirahət arzuladı.
Birinci xanım Mehriban Əliyevanın diqqətinə çatdırıldı ki, Xəzər dənizinin yaxınlığında yerləşən bu yay düşərgəsində gələcək nəslin sağlam böyüməsi, onların fiziki baxımdan güclü olması diqqətdə saxlanılacaq. Belə ki, ümumi sahəsi 21 min kvadratmetrdən çox olan düşərgədə bu məqsədlərə xidmət edəcək idman meydançaları var.
Uşaq istirahət müəssisəsinin həyətini müxtəlif ağac və dekorativ kollar bəzəyir, burada uşaqların əylənmələri və istirahəti üçün maraqlı guşələr yaradılıb.
Beləliklə, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən Zirə qəsəbəsindəki 2 saylı uşaq evinin yay istirahət düşərgəsi uşaqların sosiallaşmasında, asudə vaxtlarının təşkilində, düşüncə tərzinin, məntiqinin inkişaf etdirilməsində mühüm rol oynayacaq.
Sonda xatirə şəkli çəkdirildi.
Milli.Az