"Gələn ildən Azərbaycan dilinin qrammatikasının təkmilləşdirilməsi üçün işlərə başlamaq nəzərdə tutulur".
Milli.Az bildirir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun direktor əvəzi Möhsün Nağısoylu deyib.
Onun sözlərinə görə, qrammatika müasir elmi tələblər səviyyəsində qurulmalıdır: "Üç cilddə olan Azərbaycan dilinin qrammatikası sonuncu dəfə 1980-ci illərdə nəşr edilib. Həmin dövrdən sonra elmi səviyyə yüksəlib, elmi tələblər artıb. Ona görə də düşünürəm ki, Azərbaycan dilinin elmi qrammatikası yenidən işlənib hazırlanmalıdır".
M.Nağısoylu qeyd edib ki, Azərbaycan dilinin qrammatikasının bütün bölmələri yenidən işlənməlidir.
Onun sözlərinə görə, fonetikada ciddi dəyişiklik olmayacaq. Amma morfologiya, sintaksis, üslubiyyat, nitq mədəniyyəti bölmələrində ciddi dəyişikliklərin olacağı gözlənilir: "Çünki bu sahə üzrə yeni araşdırmalar var. Ona görə də düşünürəm ki, dilçilik elminin yeni nailiyyətləri orada öz əksini tapmalıdır. O zaman qrammatika yazılanda bu sahələr bu şəkildə inkişaf etməmişdi. Digər tərəfdən, o zaman müəyyən məhdudiyyətlər vardı. İndi isə müstəqil dövlətik. Çalışacağıq ki, Azərbaycan dilinin qrammatikasını başqa türkdilli xalqların qrammatikası ilə uyğunlaşdıraq, ortaq nöqtələrə gələk".
Milli.Az