Formula 1 Şəhərciyinin olduğu Bakı bulvarı açılır. ANS PRESS-in məlumatına görə, Milli Dənizkənarı Park ərazisi iyunun 15-i gecə saat 00:00-dan etibarən bağlanmışdı. Burada əhalinin girişinə qoyulmuş məhdudiyyət iyunun 20-si günorta saat 12:00-da aradan qaldırılacaq.
Qeyd edilən günlərdə bulvar ərazisinə ancaq "Formula 1" yarışına bileti olan azarkeşlər buraxılıb. Şəhər sakinləri bu günlər ərzində ancaq Park Bulvar alış-veriş mərkəzindən istifadə edə biliblər.
Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər iyunun 14-ü gecə saat 01:00-dan etibarən nəqliyyatın hərəkəti üçün bağlı olub. Bu yerlərdə nəqliyyatın hərəkətinə qoyulmuş məhdudiyyət isə iyunun 21-i səhər saat 06:00-da aradan qaldırılacaq.Bakıda keçirilən Formula-1 Avropa Qran-prisinin qalibi alman Niko Rosberq olub. Niko Rosberqə kuboku Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təqdim edib.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva isə mühəndislər kubokunu “Mercedes” komandasının nümayəndəsinə təqdim edib.
Sebastian Fettel və Serxio Peres isə müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşüblər.