Qadin.NET / Qurtuluşumuzun 23-cü ili

Qurtuluşumuzun 23-cü ili

Qurtuluşumuzun 23-cü ili
1993-cü ilin yazında beynəlxalq güclər Azərbaycanı parçalayaraq 11 subyektdən ibarət federativ dövlətə çevirmək üçün fəaliyyətə başlamışdılar. Məqsəd Türkiyə prezidenti Turqut Ozalın qurmaq istədiyi Böyük Türk Birliyi ideyasını beşiyində boğmaq idi. Bu plana görə, Azərbaycanın o vaxtkı prezidenti Əbülfəz Elçibəy istefaya göndərilməli, Orta Asiya türk cümhüriyyətləri ilə Türkiyə arasında körpü rolunu Azərbaycan demək olar ki, tam müstəqil kiçik dövlətlərə parçalanmalı idi.Bu faktları Bütöv Azərbaycan Birliyinin (BAB ) 2000-ci ildə keçirilən iclasında mərhum Əbülfəz Elçibəy demişdi. Bu sətirlərin müəllifi olan ANS PRESS əməkdaşının da jurnalist kimi qatıldığı həmin iclasda Əbülfəz Elçibəy son dəfə sədrlik edirdi. Ağır xəstə olduğunu bilən və Ankaraya səfərə hazırlaşan Elçibəy "Bəlkə də geri dönmədim, istəmirəm ki, bəzi sirlər açılmamış qalsın" demişdi.

 

Bu ssenari barədə hələ 1993-cü ilin mart ayında xəbərdar olan və beynəlxalq güclərin istefaya getmək tələbi ilə üz-üzə qalan Əbülfəz bəy müqavimət göstərir. Lakin beynəlxalq güclərin ssenarisi daha da kəskinləşir - aprelin ortalarında Turqut Ozal öldürülür, daha sonra Əbülfəz Elçibəyin komandasından bəziləri məsuliyyətsiz bəyanatlar verərək ölkəni vətəndaş müharibəsi vəziyyətinə salır."Onda vəziyyətin ciddiliyini anladım. Beynəlxalq güclər yerimə iki namizəd təklif etdirdilər, ikisi də Azərbaycanı federativ dövlətə çevirməyə razılıq vermişdilər. Vəzifəni onlara verə bilməzdim. Vermədim də. Bir ay fikirləşəndən sonra ölkənin yeganə xilaskarının Heydər Əliyev olduğunu anladım. Azərbaycanı unitar dövlət kimi yalnız o saxlaya bilərdi. Heydər Əliyevi Bakıya dəvət etməyi qərara aldım", - deyə Əbülfəz Elçibəy vurğulamışdı.

 

Elçibəyin dediyinə görə, həmin vaxt Türkiyə prezidenti olmuş Süleyman Dəmirəl də dəfələrlə Naxçıvana zəng edərək Heydər Əliyevdən Bakıya gedərək Azərbaycanı dünya güclərinin bu məkrindən xilas etməyə çağırıb. Süleyman Dəmirəl tələbə yoldaşı və yaxın dostu olan tehranlı doktor Cavad Heyətə vəziyyətin ciddiliyini anladıb: "Bütün dünya biz türklərin üstünə qalxıb. Azərbaycanı yalnız Heydər Əliyev xilas edə bilər".

 

Vəziyyətin ciddiliyini nəzərə alaraq Bakıya gələn və 1993-cü ildə iyunun 15-də Milli Məclisin sədri seçilmiş Heydər Əliyev Azərbaycanı həm də daxili iğtişaşlardan xilas etdi.Bu iğtişaşlar 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin mərkəzi hakimiyyətə qarşı qiyam qaldırması ilə başlamışdı. Təbii ki, bu faciədə qiyamçı polkovniklə yanaşı ona qarşı məsuliyyətsiz bəyanatlar səsləndirən mərkəzi hakimiyyət təmsilçilərinin də rolu az deyildi. Həmin adamlar həm də Qarabağda işğalçı Ermənistan ordusuna qarşı döyüşməli hərbi hissələri cəbhədən çıxararaq Gəncəyə, Sürət Hüseynovun üzərinə göndərmişdilər. Qiyamçı polkovnikə bağlı güclər Bakıdan gələn hərbçiləri qətlə yetirməklə yanaşı əks-hücuma başlamışdılar. Nəzarətə götürdükləri rayonlara öz adamlarını icra başçısı təyin etməyə başlamışdılar. İyunun 15-də isə mərkəzi hakimiyyətin başqa bir təmsilçisi, müdafiə nazirinin müavini Ələkrəm Hümbətov özünə bağlı hərbçilərin vasitəsi ilə Lənkəranı ələ keçirmiş və Arazdan aşağı əraziləri Azərbaycandan ayırmağa çalışmışdı. Beləliklə, Azərbaycan yeni seperatizm həmləsi ilə üz-üzə qalmışdı.Heydər Əliyev çox böyük ustalıqla bu iğtişaşları yatırdı. Əvvəl oddan-alovdan keçərək Gəncəyə getdi və polkovnik Sürət Hüseynovla danışıqlar apararaq vətəndaş müharibəsini dayandırdı. Seperatçı Ələkrəm Hümbətovla apardığı iki danışıq nəticə vermədikdə Heydər Əliyev cənub bölgəsinin əhalisinə müraciət etdi və Azərbaycanın bütövlüyünü qorumağa çağırdı. Cənub bölgəsinin əhalisi Lənkəran küçələrinə axışaraq Ələkrəm Hümbətova bağlı hərbçiləri zərərsizləşdirdi.

 

Paralel olaraq beynəlxalq danışıqlar aparan Heydər Əliyev dünya güclərini geri çəkilməyə məcbur etdi. Dağınıq hərbi hissələri vahid komandanlıq altında birləşdirərək cəbhədə böyük əks hücum təşkil etdi. 1994-cü ilin yazına kimi davam edən uğurlu əks hücumlar Ermənistanı atəşkəs imzalmağa məcbur etdi. Azərbaycan hərbi-iqtisadi inkişafı üçün böyük bir imkan əldə etdi.

Mənbə:ANS PRESS

15 iyun 2016
GO BACK