Onun sözlərinə görə, iyun ayının 20-də bazar ertəsi günü Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşü planlaşdırılır. Əvvəlcə Rusiya prezidentinin İ.Əliyev və S.Sarkisyan ilə təkbətək görüşəcəyi gözlənilir. Daha sonra üç prezident birgə danışıqlar aparacaq.
Uşakov qeyd edib ki, Rusiya tərəfi münaqişənin həlli üçün tərəflərə kömək etmək üçün aktiv addımlar atacaq. O qeyd edib ki, ölkəsi aprel ayında təmas xəttində döyüş əməliyyatlarının dayandırılmasında həlledici rol oynayıb.
Uşakov Putinin Qarabağda hərbi toqquşmalar gərginləşdiyi vaxt Azərbaycan və Ermənistan prezidentlərinə zəng etdiyini, Ermənistan və Azərbaycanın baş qərargah rəislərinin Moskvaya dəvət olunmasını və aprelin əvvəlində Rusiyanın baş naziri Dmitri Medvedevin İrəvana və Bakıya səfər etməsini xatırladıb.
"İndi biz ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birlikdə tam əməkdaşlıq prinsipləri əsasında təklif edilən vasitəçilik missiyasını yerinə yetiririk. Görək bu üçtərəfli görüş nə nəticə verəcək. Biz maraqlı və fəal dialoq aparmaq istəyirik”, - deyə Uşakov bildirib.
Mənbə: ANS PRESS