Almaniya Bundestaqı “erməni soyqırımı” ilə bağlı qətnaməni qəbul etdiyi üçün məhkəməyə verilib. ANS PRESS-in məlumatına görə, şikayət ərizəsi türk əsilli vəkil Ramazan Akbaş tərəfindən Karlsruhe şəhər məhkəməsinə və Avropa İnsan Haqları məhkəməsinə verilib.
Ərizədə Almaniya Bundestaqının qəbul etdiyi qərarın ləğv edilməsi istənilir.Akbaş deyib ki, Almaniyada 4.5 milyona yaxın türk və türk əsilli insan yaşayır. “Onların hər biri Almaniya parlamentinin qəbul etdiyi qərarı şikayət edə bilər. Qərarın geri götürülməsi üçün hüquqi mübarizə başlayıb. Bundestaq öz ölkəsində yaşayan türklərin maraqlarını nəzərə almadı və Almaniya daxilində sülhə və ədalətə zərbə vurdu”.
Almaniyanın odla oynadığını deyən vəkil “erməni soyqırımı” layihəsinin ölkə daxilinə nifrət toxumları səpdiyini bildirib.
“Hazırda Almaniyada islamafobiya çox yüksəkdir. Bura bir də türk düşmənliyi əlavə olunur. Onların gördüyü iş çox təhlükəlidir”. İyunun 2-də Almaniya Bundestaqı Türkiyənin etirazlarına baxmayaraq erməni “soyqırımı” layihəsini səsverməyə çıxarıb. Bundestaq qondarma erməni "soyqırımı" ilə bağlı qətnaməni qəbul edib. Qətnamə “101 il əvvəl Osmanlı imperiyasındakı erməni və digər xristian azlıqların soyqırımının anılması” adlanır. Səsverməyə Almaniya kansleri Angela Merkel qatılmayıb. Qətnamə bir əleyhinə, bir bitərəf səslə qəbul edilib.
Türkiyə və Azərbaycan Almaniya parlamentinin bu addımını kəskin şəkildə pisləyib.
Mənbə: ANS PRESS