Qadin.NET / Ağ Evdən cavab - "Qarabağ Azərbaycanın nəzarətinə qaytarılmalıdır"

Ağ Evdən cavab - "Qarabağ Azərbaycanın nəzarətinə qaytarılmalıdır"

Ağ Evdən cavab - "Qarabağ Azərbaycanın nəzarətinə qaytarılmalıdır"
Ağ Ev Administrasiyası Azərbaycan ərazisinin 20%-ni işğal edən Ermənistan qoşunlarının geri çəkilməsini tələb edən və baxımsız qalmış Sərsəng bəndinə görə humanitar fəlakətlə üzləşə biləcək yüz minlərlə vətəndaşın vəziyyətini vurğulayan petisiyaya rəsmi cavab verib.

ANS PRESS-in APA-ya istinadla verdiyi məlumata görə, cavabda ATƏT-in Minsk qrupu kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və davamlı həllinə dəstək ifadə olunub.Cavabda bildirilir ki, Ağ Ev Sərsəng su anbarıilə bağlı AŞPA-da qəbul edilən 2085 saylı qətnamə ilə tanışdır, lakin AŞPA üzvü olmamasına baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlı olan istənilən tərəflə fikir mübadiləsi aparmaq imkanlarını yüksək qiymətləndirir:

“Biz tərəfləri təmkinli olmağa, Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycanın nəzarətinə qaytarılmasını və Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsini özündə əks etdirən hərtərəfli sülh sazişi üzərində dərhal danışıqlara başlamağa çağırırıq. Tərəflərlə davam edən dialoqun bir parçası olaraq biz humanitar məsələlərlə bağlı müzakirələrin də aparılmasına çalışırıq və çalışacağıq. Sərsəng su anbarının idarə olunması və istismarı bunlardan biridir. Biz tərəflərdən olan texniki ekspertlərin idarə olunma və bənd yoxlanmasını müzakirə etməklə bağlı görüşünü alqışlayırıq. Həmsədrlər bu kimi görüşlərə təkan verməyə hazırdır. Uzun sürən bu münaqişənin həlli Azərbaycan və Ermənistan prezidentlərinin siyasi iradəsindən asılıdır. ATƏT-in Minsk qrupu ölkəsi kimi biz regionda sülh və rifahın təmin olunmasında səylərimiz davam etdirəcəyik”.Bununla bağlı APA-ya açıqlama verən petisiyanın müəllifi Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti Elxan Süleymanov ABŞ Administrasiyasının petisiyada Sərsəng su anbarının hazırkı durumu səbəbindən baş verə biləcək humanitar fəlakətin qarşısının alınmasına yardım edilməsi ilə bağlı hissəyə etinasızlıq göstərməsindən təəssüfləndiyini bildirib.

Onun sözlərinə görə, petisiyada faktiki olaraq işğala məruz qalmış rayonlarda, xüsusilə Sərsəng ərazisində yaşayan əhalinin insan hüquqlarının vəziyyəti vurğulanır, Ağ Evin cavabı isə daha çox Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsinə yönəlib:

“Bu mənada bir faktı təqdir edirik ki, ABŞ Administrasiyası öz mövqeyində Dağlıq Qarabağın separatçı həll yolunu dəstəkləmir və qanunsuz olaraq öz müqəddəratını təyin etməyə imkanı yaratmır. Ağ Ev cavabında Sərsəngin hazırkı vəziyyətinin qurbanları olan insanların əsas hüquqlarına dair mühüm məsələdən yayınır, lakin ABŞ Administrasiyasının Ermənistanın ritorikasına qoşulmamasını yüksək qiymətləndiririk. Şübhəsiz, biz də ən qısa vaxtda Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılmasını və Ermənistan qoşunlarının geri çəkilməsini istəyirik. Bundan əlavə, ABŞ Administrasiyasının Ermənistanı açıq-aydın təcavüzkar və işğalçı adlandıran bu ifadə formasını təqdir edirik. Dağlıq Qarabağın gələcək statusuna gəldikdə, qeyd edirik ki, həqiqətən də bir çox Avropa ölkəsində olduğu kimi, yerli muxtariyyət səviyyəsi müəyyən edilə bilər. BMT-nin bir sıra qətnamələrində və AŞPA-nın 2085 (2016) saylı qətnaməsində təsdiqləndiyi kimi, Dağlıq Qarabağ işğal edilmiş ətraf rayonlarla birlikdə Azərbaycanın bir hissəsidir və bu, həmişə belə olacaq.

ABŞ Administrasiyası da beynəlxalq qətnamələrə hörmət etdiyindən, Obama Administrasiyası Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsini müzakirə edərkən, açıq-aydın Azərbaycanın suveren sərhədləri çərçivəsində yerli muxtariyyət səviyyəsini nəzərdə tutur”.AVCİYA prezidenti əlavə edib ki, Ermənistanın təcavüzkar, Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan silahlı qüvvələrinin nəzarətində olması, Sərsəng bəndinə görə humanitar fəlakətin qaçılmazlığı faktları iki aydan artıq müddətdə Ağ Evin rəsmi saytında qeyd edilib:

“İyirmi ildən artıqdır ki, qərəzli beynəlxalq mətbuat tərəfindən yanlış məlumatlandırılan bütün dünyadan olan milyonlarla insan iki aydan artıq vaxtda bu sayta daxil olaraq ölkəmizə qarşı törədilmiş ədalətsizlik və vətəndaşlarımıza təhdid yaradan konkret təhlükələr və torpaqlarımızın işğalı barədə düzgün məlumat əldə edib. Bu səbəbdən bu petisiya ərazilərimizin işğaldan azad edilməsinə aparan yolda olduqca mühüm və əhəmiyyətli fəaliyyətdir. Bu, Azərbaycanın intellektual mübarizədə mühüm qələbəsidir”.

Mənbəə: ANS PRESS

 

11 iyun 2016
GO BACK