Qadin.NET / Rayona iri buz parçaları yağdı, ciddi fəsadlar yarandı

Rayona iri buz parçaları yağdı, ciddi fəsadlar yarandı

Rayona iri buz parçaları yağdı, ciddi fəsadlar yarandı
Ötən gün axşam saatlarında Yardımlı rayonuna yağan güclü leysan və dolu rayonda ciddi fəsadlara yol açıb. ANS PRESS-in məlumatına görə, yağan intensiv yağış və düşən dolu rayonda kənd təsərrüfatına ciddi ziyan vurub, taxıl biçininə sayılı günlər qaldığı bir vaxtda düşən dolu taxıl sahələrini bərbad vəziyyətə salıb.

Rayondakı 3 min 500 hektar taxıl sahəsinin böyük hissəsi yararsız vəziyyətə düşüb. Yağışın zərbəsindən dənlə dolu sünbüllər həm yerə yatıb, həm də qaralıb. Eyni zamanda sahələrdəki ot tayaları və bağlamaları da yararsız vəziyyətə düşüb. 

Rayonun Peşkənd kənd sakini Muxtar Əliyev deyir ki, bu yaşa çatsa da hələ belə dolu görməyib: "Yerə iri-iri buz parçaları düşürdü. Evlərin damlarına, təsərrüfata ciddi ziyan dəydi, taxıl və bostan bitkilərini, demək olar ki, yox dərəcəsinə saldı. Meyvələrin yarpaqlarına qədər töküldü".İntensiv yağışın yaratdığı sel rayonun yol infrastrukturuna da ciddi ziyan vurub. Rayon üçün həyati əhəmiyyətli Masallı-Yardımlı yolu dünən axşam saatlarında bir neçə saatlığa sel sularının gətirdiyi palçıq və qaya parçaları səbəbindən tamamilə bağlanıb.

Yardımlı rayon Fövqəladə Hallar Komisiyasının sədri və rayon icra hakimiyyəti başçısının 1-ci müavini Azər Xamıyev deyir ki, gecə saatlarından rayon yol idarəsinin ağır texnikaları, eləcə də rayonda mövcud olan texnikalar cəlb olunaraq yol tamamilə açıldı, avtomobillərin intensiv hərəkəti təmin olundu: "Kənd yollarına ciddi ziyan dəymiş, böyük həcmdə torpaq kütləsi yola doğru hərəkətlənmişdi. Bu gün fəsadlar tam şəkildə aradan qaldırılacaq".

Rayonun enerji təsərrüfatı da ziyan çəkdiyindən bu gün günorta saatlarına qədər 12 kənd enerjisiz qalıb. Hazırda selin fəsadlarının aradan qaldırılması istiqamətlərində işlər davam etdirilir.

Mənbə: ANS PRESS

9 iyun 2016
GO BACK