Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsininn sədri Mübariz Qurbanlı jurnalistlərə deyib.
İslam ölkələrində dini bayramların eyni gündə keçirilməsi ilə bağlı Türkiyədə bu yaxınlarda böyük bir toplantının keçirildiyini xatırladan M.Qurbanlı deyib ki, həmin tədbirdə bununla bağlı geniş müzakirələr aparılıb: "Ümumi səsvermə nəticəsində belə razılığa gəlinib ki, islam ölkələrində dini bayramlar və dini mərasimlər eyni gündə keçirilsin və vahid təqvim tətbiq edilsin. Bunun üzərində iş gedir. Burada əsasən aparıcı islam ölkələrinin bununla bağlı atacağı addımlar olduqca önəmlidir. Bu tədbirdə ümumi razılığa gəlinib ki, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində bu məsələ müzakirə olunsun və bununla əlaqədar İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də hansısa bir qətnamə qəbul edilsin".
M.Qurbanlının sözlərinə görə, bu məsələ ilə əlaqədar Azərbaycanın mövqeyi ondan ibarətdir ki, islam dünyasında vahid təqvim sistemi tətbiq olunmalıdır: "Burada hər hansı ayrı-seçkilik və parçalanma olmamalıdır. Çünki bu cür ayrı-seçkilik və təqvim fərqləri bütövlükdə islamda gedən proseslərin bütövlüyünə zərbə vurur. Ona görə də biz islam dünyasında dini bayramlar və dini ayinlərlə bağlı vahid təqvim sisteminin tətbiqinə tərəfdarıq. Amma bu, müzakirə mövzusudur. Müzakirə davam edir və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də müzakirələr olduqda Azərbaycan öz mövqeyini bildirəcək".
Mənbə: Trend.Az