APA-nın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurasının builki Ramazan ayı ilə bağlı fətvasında deyilir ki, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının builki hesablamalarına əsasən, Ramazan ayının 1-i Ayın görünməsi ilə miladi təqvimlə 7 iyun 2016-cı ilə təsadüf edir.
Ayın göründüyü andan etibarən İslam dininin vacib əməllərindən sayılan orucluq ibadəti başlayır.
Fətvafa qeyd olunur ki, mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayında ehtiyacı olanlara, uşaq evlərinə, ahıl və kimsəsizlərə imkan daxilində kömək etmək, ifrata və israfa yol vermədən iftar süfrələri açmaq Allah nəzərində bəyənilən əməllərdəndir. Bu ayda ən böyük savab – Quranı tilavət etmək, valideynlərin xeyir-duasını almaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm və fəzilət sahiblərinə ehtiram göstərmək, insanlar arasında ünsiyyət, dostluq və qarşılıqlı hörməti təbliğ etməkdir.
Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi AMEA Şamaxı Astrofizika Rəsədxanası ilə birlikdə Azərbaycan ərazisi üfüqünə uyğun olaraq Ramazan ayının əvvəli, namaz vaxtları, bu mübarək ayın gündəlik duaları, eləcə də bayram tarixini müəyyənləşdirən xüsusi təqvim və yaddaş kitabçası tərtib edib.
Eydül-Fitr - Ramazan bayramı Şəvval ayının 1-i - iyulun 6-na təsadüf edəcək.
Azərbaycan hökumətinin dini bayramlarımız olan Ramazan və Qurban bayramlarına ehtiramının göstəricisi kimi bu bayramlar dövlət səviyyəsində qeyd olunur.
Mənbə: APA.Az