Birgünlük rəsmi səfər çərçivəsində Binəli Yıldırım Azərbaycan prezidenti İlham Əliyev və baş nazir Artur Rəsizadə ilə görüşəcək. Türkiyə hökumətinin rəhbəri artıq ikinci dəfədir ki, rəsmi səfər edir.ANS PRESS-in məlumatına görə, Türkiyənin baş naziri Binəli Yıldırım cümə günü Azərbaycana səfər edəcək. Yeni Türkiyə hökuməti təsdiqləndikdən sonra ənənəyə sadiq olaraq ilk öncə Kipr, daha sonra Azərbaycan səfər edilir. B. Yıldırım Şimalı Kipr Türk Respublikasını iyun ayının 1-i ziyarət edib.Baş nazirin İlham Əliyevlə görüşü zamanı dövlətlərin enerji və nəqliyyat sahələrindəki birgə layihələri müzakirə ediləcəyi gözlənilir. Trans-Anadolu qaz boru kəmərinin inşası, Azərbaycan qazının cənub dəhlizi ilə Avropaya ixrac edilməsi məsələlərinə toxunulacağı deyilir.Bakı - Tbilisi - Qars dəmiryolu xəttinin Türkiyə ərazisindən keçən hissəsində gedən tikinti işlərinin sürətləndirilməsi ilə bağlı müzakirələrin olacağı bildirilir. Bakı və Ankara nəqliyyat xəttini ilin sonuna qədər bitirib, istifadəyə vermək niyyətindədir.Azərbaycan və Türkiyə arasındakı ticari əlaqələr də görüşün gündəliyində duran məsələlərdəndir. Ölkələr arasındakı ticarət mübadiləsini artırmaq və qarşılıqlı yatırımlar etmək kimi mövzular müzakirə ediləcək. Binəli Yıldırımın rəsmi səfər zamanı Qarabağ münaqişəsinə də toxunulacaq. Həmçinin Almaniya Bundestaqında qondarma "erməni soyqırımı"nın tanınması məsələsi diqqətdən kənarda qalmayacaq.
Mənbə: ANS PRESS