ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistan xarici işlər naziri Edvard Nalbandyan arasında görüş keçirilib. ANS PRESS-in məlumatına görə, bu barədə amerikalı həmsədr Ceyms Uorlik öz “Twitter” səhifəsində yazıb:
“Ermənistan xarici işlər naziri ilə ATƏT-in araşdırma mexanizminin yaradılması təklifi də daxil olmaqla Vyana görüşünün qərarlarının həyata keçirilməsi ilə bağlı əla müzakirələrimiz oldu”, - deyə Uorlik qeyd edib.ATƏT-in Minsk qrupunun həmsədrləri və Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov arasında görüş isə mayın 31-də Brüsselə işgüzar səfəri çərçivəsində olub.Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin mümkün olan ən tez bir zamanda irəlilədilməsi məqsədilə iyun zirvə toplantısına hazırlıq üçün Vyana görüşünün nəticələri müzakirə edilib.
Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin iyun ayında keçirilməsi planlaşdırılan görüşünün ləğv edilməsi barədə xəbərə münasibət bildirən Hikmət Hacıyev belə bir görüşün keçirilməsinin təklif olunmadığını və nəticə etibarilə planlaşdırılmadığını vurğulayıb.
Mənbə: ANS PRESS