Milli.Az Deyer.org-a istinadən bildirir ki, mövzu ilə bağlı psixoloq Arzu Müzəffərova fikirlərini bölüşərkən deyib ki, uşaqları qısa zaman içində sevindirmək, üzlərini güldürmək hər şeyin həll edilməsi demək deyil: "Bu gün uşaqların müdafiəsi günündə insanları ən ciddi narahat edən amil uşaqların intihar hallarının qeydə alınmasıdır. Bu mövzunun üstündən keçmək olmaz. Əgər uşaq intiharları baş verirsə uşaqların durumu ilə bağlı SOS həyəcan siqnalını vermək lazımdır. Təbii ki, bir çox ailələrdə normal, xoşbəxt böyüyən uşaqlar da var. Amma bu gün bir psixoloq kimi məni daha çox problemli uşaqların durumları narahat edir. Mən uşaq evlərində çox oluram. Orada atılan, valideyn himayəsindən uzaq düşmüş uşaqları gördükdə sadəcə insanın qəlbi ağrıyır. Bu uşaqlara olan diqqət tam fərqli olmalıdır. Uşaqlarla bağlı baş verən hər bir neqativ hal insanı narahat edir. Uşaqlara kifayət qədər vaxt ayrımalıdır. İstənilən tədris müəssisələrində uşaqlarla bağlı ciddi proqramlar hazırlanmlıdır. Bəzən uşaqlarla bağlı kiçik, fraqmental işlər görülür. Bununla da bir çox insan vəzifəsinin bitdiyini düşünür. Uşaqları qısa zaman içində sevindirmək, üzlərini güldürmək hər şeyin həll edilməsi demək deyil. Uşaqlar üzərilərində daima qayğı hiss etməlidirlər. Uşaqlar güvən hiss etməlidirlər. Əgər bu gün küçələrdə kiçik əski parçaları ilə təkər qaraldan uşaqlara rast gəliriksə, bu uşaqlar üçün daha ciddi işlərin görülmədiyi anlamına gəlir".
Professor Adil Qeybulla fikirlərini bölüşərkən deyib ki, uşaqların sağlam olması gələcək nəslin sağlam olması deməkdir: "10-15 il öncə Azərbaycanda aparılan müşahidələr onu göstərdi ki, uşaqlar arasında anemiya halları artıb. Bu sərbəst araşdırmaların nəticəsi idi. Amma bu gün bununla bağlı xeyli işlər görülüb. Uşaqların peyvənd olunması, dispanserizasiyası, müxtəlif xəstəliklərin vaxtında aşkar olunması və s. istiqamətdə müsbət dəyişikliklər olub. Bu gün uşaqların həm sosial müdafiə edilməsi və sağlamlığının qorunması genefondla bağlı bir məsələ olduğu üçün çox diqqət edilməlidir. Uşaqlara qayğı üzrə bir proqram icbarı tibbi sığorta paketinə də daxil olmalıdır. Uşaqlarda olan genetik problemlərin və bir xəstəliklərin vaxtında aşkar olunması çox mühümdür. Bu istiqamətə aparılan işlər hər tərəfli genişləndirilməlidir. Uşaqların sağlam olması gələcək nəslin sağlam olması deməkdir".
Mənbə: Milli.Az