“Fikrimcə, tamaşaçılar dünyanın ən sürətli küçə yolunda saatda 300 kilometrdən artıq sürətlə şütüyəcək avtomobillərə heyran qalacaqlar. Bu, ən sürətli küçə trekidir və burada qeyri-adi şou olacaq. Burada ötmə əməliyyatı və digər hərəkətlərin icrası, eləcə də 340 km/saat sürətlə hərəkət etmək üçün imkanlar var. Digər şəhər traslarında bu imkanlar yoxdur. Onlar əsasən dardır, burada ötmə əməliyyatı etmək mümkün deyil". 14-16 iyun tarixləri ərzində Bakı Şəhər Halqasının keçdiyi küçələr nəqliyyatın hərəkəti üçün tamamilə bağlanaraq son hazırlıq işləri, o cümlədən qalan təhlükəsizlik baryerlərinin quraşdırılması, trekin yarış standartlarına müvafiq şəkildə boyanması və digər zəruri işlər həyata keçiriləcək.
Bakı Şəhər Halqası ətrafında quraşdırılacaq 9 tribunadan 7-nin tikintisi artıq başa çatıb. Hazırda 5 min nəfərlik tutuma sahib Abşeron tribunasının tikintisi davam edir. Azneft tribunasının quraşdırılmasına isə iyunun 2-də start veriləcək. Bu zaman Neftçilər prospektinin Azneft dairəsinə düşən hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bundan əlavə, Formula 1 Şəhərciyinin yerləşəcəyi dənizkənarı bulvar hissəsində də hazırda tikinti-quraşdırma işləri sürətlə davam etdirilir.
Mənbə: ANSPRESS