Milli.Az bildirir ki, bunu Trend-ə müsahibəsində ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin deyib.
Onun sözlərinə görə, səfəri çox səmərəli oldu: "Cənubi Qafqaz ölkələrinin liderləri, xüsusilə söhbət regionda təhlükəsizlik məsələsindən gedəndə, ATƏT PA ilə əməkdaşlığın istiqamətlərinin müəyyən edilməsi məsələsinə məsuliyyətlə yanaşırlar".
K.Vigenin bildirib: "Mən Azərbaycan və Ermənistanda iki ölkənin prezidenti, digər rəsmi şəxsləri və parlament üzvləri ilə Dağlıq Qarabağ münaqişəsi barədə geniş müzakirələr apardım. Biz ATƏT-in Minsk qrupunun formatındakı diskussiyalara parlamentin dəstək imkanlarını araşdırdıq. Ümid edirəm ki, gələcəkdə bu istiqamətdə daha tez-tez və daha çox diskussiya apara biləcəyik".
ATƏT PA-nın xüsusi nümayəndəsi bildirib ki, Bakı və Yerevandakı müzakirələr əsasında əməkdaşlıq üzrə daha konkret təkliflər hazırlamağı planlaşdırır, təkliflər iki ölkənin parlament üzvləri ilə daha sonra müzakirə olunacaq.
O, Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü mühüm addım adlandırıb.
Xüsusi nümayəndənin sözlərinə görə, ATƏT-in Dağlıq Qarabağ münaqişəsi zonasında iştirakının genişləndirilməsi və araşdırmaların aparılması üzrə ATƏT mexanizmlərinin tam hazırlanması ilə bağlı saziş olduqca faydalı oldu: "İki ölkənin liderlərini əldə olunmuş razılaşmalara əsaslanaraq növbəti görüşlər zamanı hərtərəfli nizamlanma üzrə diskussiyaları bərpa etməyə çağırıram".
K.Vigenin vurğulayıb ki, ATƏT PA-nın xüsusi nümayəndəsi kimi, münaqişənin sülh yolu ilə həllinə dəstək istiqamətində parlament səviyyəsində işləməyə davam edəcək.
Mənbə: Milli.Az