Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatların Suriya üzrə siyasətini sərt tənqid edib. ANS PRESS-in məlumatına görə, Birləşmiş Ştatların PYD və YPG-ni dəstəkləməsini pisləyən Ərdoğan İŞİD, PYD və PKKterrorçuları arasında heç bir fərqin olmadığını bəyan edib.“ABŞ-ın YPG-yə verdiyi dəstəyi qınayıram. Bizə verilən söz bu deyil. Mən siyasətin dürüst yürüdüləcəyinə inanan adamam. Bizə dost olanlar, bizimlə NATO-da bərabər olanlar hərbçilərini YPG-nin işarələri ilə Suriyaya göndərməməlidir, göndərə bilməz. “YPG-yə dəstək verməyə davam edəcəyik, o PKK deyil” deyənlər, lütfən gəlin bunun bizdən dərsini alın. Yanlış yerdə dayanırsınız. Terror təşkilatı ilə bağlı bütün sənədləri veririk. Atdıqları addımlar yanlışdır”, - Türkiyə Prezidenti deyib.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da Vaşinqtonu qınayıb. ABŞ-ın Türkiyə və terror təşkilatları arasında seçim etməli olduğunu deyən Çavuşoğlu hesab edir ki, ABŞ-ın Suriyadakı "Demokratik İttifaq" (PYD) kürd partiyasının terror təşkilatı olmaması barədə bəyanatı sağlam düşüncəyə ziddir.
Nazir əlavə edib ki, Türkiyə PYD və PKK terrorçularının sıx əməkdaşlıq etməsi faktları barədə dəfələrlə məlumat verib.
Qeyd edək ki, Vaşinqton PYD-ni terror təşkilatı kimi tanımaqdan boyun qaçırır.Daha əvvəl, “Reuters” xəbər agentliyi Suriyaya göndərilən ABŞ həbrçilərinin YPG terrorçuları ilə fotolarını yayıb. Həmin fotoşəkillərdə Amerika əsgərlərinin paltarlarının üzərində YPG-nin işarələrinin olduğu görünür. ABŞ hökuməti hələlik həmin görüntülərlə əlaqədar heç bir açıqlama verməyib.
ABŞ birinci dəfə deyil ki, terrorçulara dəstəyini nümayiş etdirir. Ötən ayın əvvəllərində Vaşinqtonun PKK-nın Suriya qanadlarına yardım etdiyi barədəxəbərlər yayılmışdı. Türkiyə tərəfi ABŞ-ı sərt tənqid edib.
Mənbə: ANS PRESS