Milli.Az Virtualazorg.-a istinadən bildirir ki, hazırda parlamentin deputatı olan Baqratyan "Aykakan jamanax" qəzetinə açıqlamasında Ermənistanın nüvə silahına malik olduğu haqda bundan əvvəl verdiyi bəyanatın Türkiyə və Azərbaycan üçün "çəkindirici amil" olduğunu deyib. "Bu silah isə Ermənistanda hələ ötən əsrin 70-ci illərindən var", - Qrant Baqratyan deyib.
Xatırladaq ki, aprel döyüşlərindən sonra Ermənistan hərbi-siyasi dairələri Azərbaycanı kütləvi qırğın silahı ilə hədələyən bəyanatlar verməyə başlayıblar. Əvvəlcə general Arkadi Ter-Tadevosyan Ermənistanın əlində "çirkli bomba" olduğuna eyham vurub və onun Azərbaycana qarşı tətbiq edilə biləcəyini deyib. Daha sonra keçmiş baş nazir Qrant Baqratyan deyib ki, Ermənistan Dağlıq Qarabağın təhlükəsizliyinə ancaq nüvə silahı ilə qarantiya verə bilər. "Bəli, Ermənistanın belə silahı var", - Baqratyan jurnalistlər qarşısında bildirib.
Keçmiş baş nazirin bu bəyanatı geniş rezonans doğurub. Ermənistan rəsmiləri Baqratyanın bəyanatını gah təkzib ediblər, gah ayrı səmtə yozublar. Azərbaycan isə işğalçı ölkənin kütləvi qırğın silahı ilə təhdid etməsini beynəlxalq müstəvidə qaldırıb, XİN rəsmi şəkildə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə müraciət edərək məsələnin araşdırılmasını istəyib. Son vaxtlar nüvə materiallarını satmağa cəhd edən bir neçə Ermənistan vətəndaşının Gürcüstanda həbs edilməsi narahatlıqları daha da artırıb. İstanbulda keçirilən Qlobal Humanitar Forumdakı çıxışında prezident İlham Əliyev beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın nüvə təhdidlərinə cəlb edib və bu məsələni araşdırmağa, Ermənistanı məsuliyyətə cəlb etməyə çağırıb.Baqratyan isə deyir ki, Ermənistanda nüvə silahının olması yeni məsələ deyil və Azərbaycanın buna indi reaksiya verməsindən təəccüblənir. Baqratyanın sözlərinə görə, Ermənistanın nüvə proqramı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarəti altındadır.
Bəs Baqratyanın sonuncu açıqlaması nə dərəcədə həqiqətə yaxındır? Aprel döyüşlərində ciddi zərbə alan işğalçı ölkənin nümayəndəsi bu cür bəyanatlarla blef etmir ki?
Görünür, bu bəyanatı nəzərə alaraq Azərbaycan məsələni beynəlxalq müstəviyə çıxarmaq üçün daha intensiv səylər göstərməlidir. Məsələ burasındadır ki, ötən əsrin 70-ci illərində, soyuq müharibənin şiddətli dövrlərində ABŞ SSRİ ilə həmsərhəd olan NATO üzvü Türkiyədə nüvə başlıqları yerləşdirmişdi. İstisna deyil ki, SSRİ-də buna cavab olaraq Türkiyə ilə sərhəd keçmiş sovet respublikalarında, məsələn, Ermənistanda nüvə başlıqları yerləşdirib. Və Baqratyanın bəyanatına inansaq SSRİ dağılandan sonra Rusiya həmin başlıqlardan bir-ikisini Ermənistanda saxlayıb?
Mənbə: Milli.Az