ANS PRESS-in məlumatına görə, bu barədə jurnalistlərə bu gün "Roskosmos" sədrinin müavini Sergey Savelyev bildirib. Onun sözlərinə görə, "Roskosmos" 2016-cı ildə Ermənistanda QLONASS stansiyalarının inşasını gerçəkləşdirir.
1976-cı ildə SSRİ Müdafiə Nazirliyinin sifarişi ilə yaradılmış və 1993-cü ildən Rusiya Müdafiə Nazirliyi tərəfindən istifadə üçün təhvil götürülmüş qlobal naviqasiya sistemi QLONASS dünyada fəaliyyət göstərən iki qlobal peyk naviqasiyası sistemindən biridir. Bütün istifadəçilər üçün açıq naviqasiya sistemi olması bəyan edilsə də 24 peyklə fəaliyyət göstərən QLONASS-ın əsas məqsədi potensial düşmən ərazilərində kəşfiyyat aparılması ilə bağlıdır. Məhz QLONASS-ın fəaliyyətinin bu tərəfini nəzərə alaraq ABŞ öz ərazisində bu sistemin stansiyalarının yerləşdirilməsinə icazə verməyib. Hərbdə QLONASS sistemindən istifadə edərək düşmən tərəfin hərbi kolonlarının, tanklarının və digər zirehli texnikasının hərəkətini müəyyən etmək mümkündür. Məhz bu cəhətdən Azərbaycan Müdafiə Nazirliyinin sabiq əməkdaşı, polkovnik-leytenant Üzeyir Cəfərov ANS PRESS-ə müsahibəsində Ermənistanın QLONASS-ı Azərbaycana qarşı müharibədə istifadə etmək niyyətində olduğunu bildirir: "Azərbaycanın "Azerspace" peyki onları çox narahat edir. Aprel döyüşlərində Azərbaycan Ordusunun üstün olmasında bu peykin də rolu çox olub".
Üzeyir Cəfərovun fikrincə, ermənilərin bu canfəşanlığı Azərbaycan və Ermənistan prezidentlərinin iyunun sonlarına nəzərdə tutulmuş görüşü ilə bağlıdır: "Heç nə təsadüfi deyil. Ermənistan canfəşanlıqla Rusiyadan dəqiq silahlar almaq üzərində işləyir. Həmçinin erməni zabitlər Rusiya poliqonlarında dəqiq silahlarla işləmək üçün təlimlərdən keçirlər. Ermənistanın QLONASS-a qoşulması da bu çərçivədə atılmış addımdır. Müdafiə naziri Seyran Ohanyan itirilmiş mövqelərin qaytarılmasından danışır. Ermənistanın görüş əvvəli revanş eləmək niyyəti göz qabağındadır".
Polkovnik-leytenantın fikrincə, İrəvan bu məsələdə Rusiyanın himayəsinə güvənir: "Moskva rus silahının apreldə korlanmış imicini qaldırmağa çalışacaq. Buna görə də biz istənilən təxribata qarşı hazır olmalıyıq. Bundan əvvəl biz 24 saat rejimində ermənilərin addımlarını izləyirdiksə, indi 48 saat rejimində çalışmalıyıq. Yəni sayıqlığımızı 2 dəfə artırmalıyıq".
Mənbə: ANS PRESS