Gəncədə yağan güclü yağış bəzi evlərə ciddi zərər vurub. ANS PRESS-in məlumatına görə, ötən gün səhər saatlarında başlayan güclü yağış nəticəsində şəhərin Kəpəz rayonu, Vəli Xuluflu küçəsindəki evlərdən bəzilərini su basıb. Məlumata görə, ən çox zərər Gəncə çayının sahilindəki evlərə dəyib. Burada ümumilikdə 12 evi su basıb ki, onlardan əksəriyyəti uçub. Bəzi evlərdə suyun hündürlüyü hətta 1 metrdən daha çoxdur.
Evlərin uçması zamanı bir nəfərin də yüngül xəsarət aldığı bildirilir.
Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin və Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin su çəkən avtomobilləri cəlb edilib. Hazırda su dolan zirzəmilərdə suyun çəkilməsini həyata keçirirlər.
Qeyd edilən əraziyə elektrik enerjisinin verilişində problem yaranıb və bu problemin aradan qalxdığı bildirilir.
Hazırda havanın normal olduğu bildirilir.
Mənbə: ANS PRESS