ANS TV-nin məlumatına görə, 21 yaşlı Mirsalam Cəfərov Tovuzun Bayramlı kəndində anadan olub. Kənddə şəhidin evini digər evlərdən fərqləndirən binanın üzərində dalğalanan 3 rəngli bayrağımızdır. O bayraq uğrunda Mirsalam canından keçdi.
Mirsalam, Cəfərovlar ailəsinin 3-cü övladı, son beşiyi olub. Birinci Qarabağ müharibəsində könüllü olaraq iştirak edən şəhidin atası Təvəkkül Cəfərovun sözlərinə görə oğlu dünyaya gələndə o, cəbhədə vətənin keşiyini çəkirdi.
Mirsalam hərbi xidməti başa vurduqdan sonra Tibb üniversitetinin nəzdində hərbi feldşerlik kursunu bitirir. İdmançı olduğu və riski sevdiyi üçün tezliklə xüsusi təyinatlıların sırasına qoşulur. Və peşəkar kəşfiyyatçı kimi formalaşması üçün dövlət xətti ilə Türkiyədə təhsil alır.
Valideynlərinin sözlərinə görə Mirsalam gülərüz, həyat eşqiylə çırpınan və vətənini hədsiz dərəcədə sevən olub. Türkiyədə olarkən hərbçi yoldaşlarının çəkdiyi kadrlarda da simasındakı təbəssümü görmək olar.
Talış kəndi istiqamətində gedən döyüşlərdə şəhid olan Mirsalam Cəfərovun sosial şəbəkədəki son statusu isə “Həyat fani, ölüm ani, bir birinizin qədrini bilin ey bəşər övladları!” olub.
Mənbə: ANS PRESS