Qadin.NET / Moskvadan Ankaranı məyus edən açıqlama

Moskvadan Ankaranı məyus edən açıqlama

Moskvadan Ankaranı məyus edən açıqlama
Rusiya Binəli Yıldırımın Türkiyənin yeni baş naziri seçilməsinə münasibət bildirib. ANS PRESS-in məlumatına görə, bu barədə açıqlama verən Rusiya Federasiyası Konqresinin Xarici Əlaqələr Komitəsinin rəhbərinin köməkçisi Vladimir Cabarov deyib ki, Türkiyədə yeni baş nazirin olması və yeni hökumətin qurulması münasibətləri dəyişdirməyəcək. "Yeni hökumətin qurulması praktik olaraq heç nəyi dəyişmir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əvvəldən olduğu kimi ölkədə prezident idarə üsulunun yaradılmasında qərarlıdır. İstefa verən Əhməd Davudoğlu bu plana qarşı çıxırdı. Amma yeni baş nazir Rəcəb Tayyib Ərdoğana yaxınlığı ilə seçilir”, - deyə Rusiya rəsmisi bildirib.

O deyib ki, Yıldırım Əroğana yaxın olduğu üçün onun verdiyi qərarlarla hərəkət edəcək.

"Rusiya və Türkiyə arasında baş verən qalmaqal zamanı Ərdoğan bütün “körpüləri yandırdı”. O, vurulan qırıcı ilə əlaqədar üzr istəmədi. Tam əksinə, ötən dövr ərzində münasibətləri daha da gərginləşdirdi”, - deyən Rusiya rəsmisi bildirib ki, bu səbəbdən Türkiyədə yeni baş nazirin seçilməsindən sonraAnkara və Moskva arasında münasibətlər baxımında bir dəyişiklik gözləmirlər. Əhməd Davudoğlu istefa verən zaman da Rusiyadan Türkiyə ilə bağlı müsbət fikirlər səsləndirilməmişdi. Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri Aleksey Puşkov istefaya münasibət bildirərkən deyib ki, Davudoğlunun getməsi Türkiyə-Rusiya münasibətlərinə nə müsbət, nə də mənfi təsir edəcək. Münasibətlər gərgin olaraq qalacaq. "Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanın qərarları və meylləri baş roldadır. Bu səbəbdən Davudoğlunun istefasından sonra hökumətdə baş verəcək dəyişiklik Rusiya-Türkiyə münasibətlərinə təsir etməyəcək”.Rusiya və Türkiyə arasında münasibətlər ötən ilin noyabr ayında pozulub. Həmin vaxt Türkiyə sərhədlərini pozan Rusiya qırıcısı Silahlı Qüvvələr tərəfindən vurulub.

Türkiyə tərəfi bunu ölkənin hava məkanının pozulduğu üçün etdiyini desə də Rusiya tərəfi bu iddiaları rədd edib. Bundan başqa, Rusiya Türkiyənin bu addımını "arxadan vurulan zərbə" adlandırıb. Həmin vaxtdan rəsmi Moskva Ankaraya qarşı kəskin sanksiyalar tətbiq etməyə başlayıb.

Mənbə: ANS PRESS

23 may 2016
GO BACK