Qadin.NET / Ermənistandan danışıqları pozmaq üçün yeni təxribat

Ermənistandan danışıqları pozmaq üçün yeni təxribat

Ermənistandan danışıqları pozmaq üçün yeni təxribat
Ermənistan tərəfi danışıqlar prosesini uzatmaq üçün yeni süni əngəllər yaratmağa can atır. ANS PRESS-in məlumatına görə, Ermənistanın müdafiə naziri Seyran Ohanyan jurnalistlərə açıqlamasında deyib ki, ordunun aprel əməliyyatları zamanı itirdiyi 800 hektar ərazi danışıqlar predmetinə çevrilə bilər. “Biz heç nəyi gizlətmirik. Əməliyyatlar zamanı qoşunların geri çəkilməsi faktı qeydə alınıb. Hesab edirəm ki, bu danışıqlar predmeti olacaq”.

Ohanyan Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərin unudulmayacağını deyib. 

Bundan əvvəl  Ermənistan prezidenti Serj Sarkisyan Vyana görüşündən qayıdan zaman demişdi ki, aprel döyüşləri zamanı 800 hektar ərazi itiriblər. Amma Azərbaycanın Müdafiə NazirliyiSarkisyanın sözlərini təkzib edərək aprel döyüşlərində 800 deyil, 2000 hektar ərazinin azad olunduğu barədə açıqlama verdi. Hazırda isə Ermənistan tərəfi Vyana razılaşmasının şərtlərini icra etməmək üçün "itirilmiş torpaqlar" məsələsini ortaya atır. Həmin görüş zamanı Azərbaycan tərəfi danışıqlar prosesinin yenidən başlaması və sürətləndirilməsi şərti ilə bəzi razılıqlara gəlib. ATƏT-in Minsk qrupunun verdiyi bəyanatda bildirilir ki, prezidentlər atəşkəsə və münaqişənin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını təsdiqləyiblər.“Tərəflər təmas xəttində gərginliyi azaltmaq üçün qısa müddət ərzində ATƏT-in araşdırıcı mexanizmləri üzərində işi başa çatdırmaq barədə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mövcud rəhbərliyinin səlahiyyətlərini genişləndirməsi barədə razılığa gəliblər”.

Tərəflər həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə itkin düşmüş şəxslər barəsində məlumatların mübadiləsini davam etdirmək barədə razılığa gəliblər.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Ermənistan Respublikası rəhbəri Serj Sarkisyan münaqişənin hərtərəfli nizamlanmasına dair dialoqun bərpası üçün danışıqların növbəti raundu barədə razılığa gəliblər. İyun ayında Azərbaycan və Ermənistan prezidentləri növbəti danışıqların yerini və vaxtını təyin edəcəklər. 

Mənbə: ANS PRESS

23 may 2016
GO BACK