Rusiya və Ermənistanın parlament komissiyalarının müdafiə və təhlükəsizlik üzrə iclasından sonra Dağlıq Qarabağla bağlı qalmaqal yaşanıb. ANS PRESS-in məlumatına görə, aprelin 15-də keçirilən iclasdan sonra birgə bəyanat verilməsi barədə razılıq əldə olunub.İclas İrəvanda keçirilib. Ermənistan nümayəndələri yenə təxribata əl ataraq öz xeyirlərinə olan bəyanat hazırlayıblar. Ruslara təqdim edilən bəyanatın mətninə Azərbaycanın aprelin əvvəlində Ermənistan ordusunun təxribatına qarşı həyata keçirdiyi əməliyyatların pislənməsi ilə bağlı bənd də salınıb.
Ermənistanın “Aykakan jamanak" qəzetinin iddiasına görə, Rusiya nümayəndə heyəti bəyanatı qəbul etməkdən imtina edib və mətni digər siyasi partiyalarla razılaşdırmaq üçün vaxt istəyib. Amma iclasdan 1 aydan çox vaxt keçməsinə baxmayaraq Rusiya nümayəndələri Ermənistan tərəfinə heç bir məlumat verməyiblər.
Qəzetin verdiyi məlumata görə, komissiya sədri Koryun Naapetyan rusiyalı həmkarına bəyanatın qəbul edilməsi ilə bağlı məktub göndərib. Ancaq məktub bu günə qədər cavabsız qalıb. Rusiya nümayəndələrinin bu addımı Ermənistanda hiddətə səbəb olub. Onlar düşünürlər ki, rəsmi Moskva Azrəbaycana silah satır və onun mövqeyini dəstəkləyir.Moskva və İrəvan arasında münasibətlər aprelin əvvəlinə cəbhə xəttində baş verən gərginlikdən sonra pozulub. Buna səbəb isə münaqişə gərginləşən zaman Rusiyanın Ermənistanı açıq şəkildə dəstəkləməməsi olub. Həmçinin Ermənistanın etirazlarına baxmayaraq Rusiya tərəfi Azərbaycana silah satmağa davam edəcəyini açıqlayıb.
Rusiyanın baş nazirinin müavini Dmitri Roqozin deyib ki, bu iş balanslaşdırılmış şəkildə həyata keçirilir və əgər Moskva Dağlıq Qarabağ münaqişəsi tərəflərinə silah satışından əl çəkərsə, Rusiyanın yerini ABŞ və digər ölkələr tutacaq. “Biz Azərbaycan və Ermənistana silahı maraqların balansına əməl etməklə satırıq".
Mənbə: ANS PRESS