Ermənistan silahlı birləşmələrinin aprel ayında cəbhədə törətdiyi təxribatlar nəticəsində dağılmış evlərin bərpasına başlanılıb. Ən çox zərər çəkmiş ərazilərdən biri də Goranboyun təmas xəttinə yaxın yerləşmiş Tapqaraqoyunlu kəndidir ki, burada mərmi nəticəsində 237 evə ziyan dəyib. Həmin evlər hazırda 3 kateqoriya olmaqla bölünür. Bu üç kateqoriyadan birincisinə aid olan evlər Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin xətti ilə yenidən tikilir, ikinci kateqoriyadan 5 ev artıq bərpa olunub, digərləri də bərpa olunmaq üzrədir. Üçüncü kateqoriyaya aid olan evlər qismən zərər gördüyündən adıçəkilən qurum tərəfindən həmin evlərin sakinlərinə lazımi inşaat materialları verilib.
Agentlikdən verilən məlumata görə, bir aydan sonra Tapqaraqoyunlu kəndindəki bütün evlərin bərpa işləri tamamilə yekunlaşacaq.
Bundan başqa, Ağcabədi rayonunda da dağıdılmış evlərin bərpası davam etdirilir. Ağdam və Tərtər rayonlarında isə zərər görmüş evlərlə icra strukturları məşğul olur ki, onların də bərpasına tezliklə başlanılacağı deyilir.
MənbəANS PRESS